Ceyhun Cavadov: “Rəvan”ın turnir cədvəlindəki yeri gərək bizi aldatmasın”

“Bütün oyunlarımız çətin keçir, yəqin ki, “Rəvan”la görüşümüz də belə olacaq. Rəqib yeni baş məşqçi gələndən sonra yaxşı nəticələr göstərir. Ona görə də gərgin oyun olacaq”. Allsport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Ceyhun Cavadov deyib.

Futbolçu Topaz Premyer Liqasının 14-cü turunda keçiriləcək “Rəvan”la oyun öncəsi fikirlərini klub saytına bildirib: “Matçın əhəmiyyətini yaxşı başa düşürük və ciddi yanaşırıq. Nəyin bahasına olur-olsun, qələbə qazanmalıyıq. Vaxt az olsa da, oyuna yaxşı hazırlaşmışıq. “Rəvan”ın turnir cədvəlindəki yeri gərək bizi aldatmasın. Yaxşı yerli futbolçuları var. Qitə miqyaslı turnirdə oynamaq istəyiriksə, mütləq qış fasiləsinə kimi bütün oyunları udmalıyıq”.

Gənc yarımmüdafiəçi “Kəpəz”də icarə əsasında çıxış edir. Cavadov cari mövsümün əvvəlində “Rəvan”dan bir illik icarəyə götürülüb. Qarşıdakı görüşdə baş məşqçi Şahin Diniyev şans verəcəyi təqdirdə futbolçu müqavilə ilə məxsus olduğu kluba qarşı oynayacaq. Yeri gəlmişkən, ilk dövrədə keçirilən və “sarı-göylər”in qələbəsi ilə nəticələnən matçda Ceyhun oynamaq imkanı qazanmışdı: “Əlbəttə, şans gözləyirəm. Şahin müəllim nə vaxt məni meydana buraxmağın lazım olduğunu bilir. Oynamağa hazıram, belə imkan qazansam, əlimdən gələni edəcəyəm”.

Həmin kateqoriyadan