Daniel Rikkardo: “Bakı trası ecazkardır, burada ötüşmək çox çətindir”

“Yenidən Bakıda olmaqdan məmnunam. Gəzərkən yarış yolunu gördüm, bir anlıq xatirələrə daldım. Hava soyuq olsa da, insanların diqqəti məni isindirdi”. Allsport.az saytı xəbər verir ki, bunu “Red Bull Racing” komandasının sürücüsü Daniel Rikkardo formula1 düşərgəsində jurnalistlər üçün təşkil olunan mətbuat konfransında dedi. Azərbaycan qran-prisinin qalibi Bakı Şəhər Halqası barədə belə söylədi:

“Bakı trası ecazkardır, burada ötüşmək çox çətindir. Çünki yollar duz deyil, enişli-yoxuşludur. Tez-tez əsəbləşir, qeyri-adi gərginlikk yaşayırsan. Adətən, “Ferrari”nin Sebastyan Fettel burdan şikayətlənir. Əgər bir yerdə səhvə yol versən, böyük uğursuzluqla düçar olarsan. Riski sevirəm. Ona görə Bakı yolu mənə sərfəlidir. Burada sürəti anidən aşağı salmaq və yenidən artırmaq lazımdır. Bu baxımdan Bakı trasını çox bəyənirəm. Burada təkərlər yanmır. Bu da Bakı trekinin üstün cəhətlərindən biridir”.

Avstraliyalı pilot “Mercedes”in qələbəsindən də danışıb. O, bildirib ki, uğurda motorun gücü böyük rol oynayıb: “Son 4 ildə “Mercedes” meydan oxuyur. Bu komandanın motoru güclüdür. Belə olan halda, üstəlik bolidə bacarıqlı pilot əyləşəndə, qələbə qaçılmaz olur. Təbii, Lüis Həmilton barədə xoş söz deməliyəm. Rəqibim bir sürücü kimi yüksək qabiliyyətə malikdir.

Növbəti mövsüm lap əvvəldən özümüzü yaxşı göstərməliyik. Şəxsi göstəricilərimi yaxşılaşdırmalı, səhvlərə yol verməməliyəm. Əminəm, 2018-ci il bizim üçün daha yaxşı ola bilər”.

 

Həmin kateqoriyadan