Dmitri Bezotosnının “quru” oyunlar seriyası qırıldı

Topaz Premyer Liqasının 11-ci turunda “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnının quru seriyası qırılıb. Allsport.az xəbər verir ki, ardıcıl 8 matçda qol buraxmayan ukraynalı legioner “Kəpəz”lə ev oyununun 2-ci dəqiqəsində topu qapısından çıxarıb. Aleksandr Sitnikin qolu ilə Bezotosnının seriyası 729-cu dəqiqədə qırılıb.

1-ci turun avqustun 8-də “Qarabağ”la Qəbələdə keçirilən oyununda (2:2) qol buraxan qapıçı sonuncu dəfə həmin matçın 83-cü dəqiqəsində rəqiblərinin sevinməsinə şahid olmuşdu. Riçard Almeydanın qolundan sonra AZAL (2:0) və “Kəpəz”lə (1:0) matçlarda qol buraxmayan qolkiper “İnter”lə görüşdə (1:2) iştirak etməyib. Ardınca “Sumqayıt” (1:0), “Rəvan” (3:0), “Xəzər Lənkəran” (6:0), “Neftçi” (1:0), “Zirə” (0:0) və AZAL (0:0) da onun qapısına yol tapa bilməmişdi.

“Kəpəz”lə görüşdə seriyası qırılan Bezotosnı Azərbaycan çempionatlarının 23 illik tarixində 14-cü nəticəyə imza atıb. Ümumiyyətlə isə 1992-ci ildə start götürən yarışda qeydə alınan 17 göstərici Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən tərtib olunan siyahıya düşmək üçün zəruri olan 660 dəqiqəlik səddi adlayıb.

Bezotosnı son 4 mövsümdə bunu bacaran yeganə təmsilçimizdir. Ölkə çempionatında sonuncu belə seriya 2012/13 mövsümündə qeydə alınıb. Həmin vaxt “Qarabağ”ın qapıçısı Boyan Pavloviç fərqlənib.

Azərbaycan çempionatlarının ən uzun quru seriyaları

1. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
2. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 985
3. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 971
4. Camaləddin Əliyev (“Qarabağ”) – 958
5. Pavel Doroşev (Latviya, “Qəbələ”) – 952
6. Elxan Həsənov (“Neftçi”) – 943
7. Boyan Pavloviç (“Qarabağ”) – 828
8. Dmitri Kramarenko (“Karvan”) – 798
9. Dmitri Kramarenko (“Neftçi”) – 772
10. Rauf Mehdiyev (“Olimpik”) – 746
11. Elşən Poladov (“Bakı”) – 744
12. Nadir Şükürov (“Dinamo”) – 741
13. Aleksandr Martyoşkin (Belarus, “Xəzər Lənkəran”) – 735
14. Dmitri Bezotosnı (Ukrayna, “Qəbələ”) – 729
15. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720
16. Camaləddin Əliyev (“Qarabağ”) – 700
17. Rauf Mehdiyev (“Olimpik”) – 676

Qeyd edək ki, mötərizədə futbolçunun klubu, legionerlərdə isə əvvəl ölkəsi, sonra klubu əks olunub.

Həmin kateqoriyadan