Dodonun Mendiyə çatmasına 7 qol qaldı

”Qəbələ” cari çempionatda ilk böyükhesablı qələbə qazanan komanda olub. Allsport.az xəbər verir ki, Roman Qriqorçukun çalışdırdığı komanda bunadək Qəbələdə “Kəpəz” və “Sumqayıt”dan (hər iki oyunda matçda 1:0) səfərdə isə AzAL-dan (2:0) üstün olmuşdu.

Bu, “Qəbələ”də baş məşqçi fəaliyyətinə ilin əvvəlindən başlayan Qriqorçukun 2-ci böyükhesablı qələbəsi olub. İlk belə qalibiyyət ötən çempionatda, aprelin 4-də AZAL üzərində qazanılmışdı – 4:0. Həmin oyunun Şüvəlanda keçirildiyini nəzərə alsaq, Roman İosifoviçin vaxtında böyükhesablı qələbələr hələ ki rəqib meydanında, özü də Bakıda qazanılıb.

Budəfəki böyükhesablı qələbənin təməlini qoyan Luis Hilario Dodo isə cari çempionatda qol hesabını açıb. Ancaq bu, kapitanıın 2015/16 mövsümündə fərqləndiyi ilk matç deyil. Çünki 28 yaşlı braziliyalı yarımmüdafiəçi Avropa Liqasının pley-off mərhələsində “Panatinaikos”la səfər matçında (2:2) etdiyi dublla komandasını tarixində ilk dəfə qrup mərhələsinə çıxarmışdı. “Qəbələ”də oyun sayında rekordçu olan Dodo qol göstəricisində lider Viktor Mendiyə bir qədər də yaxınlaşıb. İndi onu sabiq hücumçudan 7 qol ayırır. Belə ki, Luisin hesabında 26, Viktorda 33 qol var.

“Qəbələ”nin cari mövsümdə bombardiri isə Aleksey Qaydır. 33 yaşlı ukraynalı yarımmüdafiəçi ardıcıl 2 oyundur meydanı qolsuz tərk etmir. Bu çempionatda 3-cü qolunu vuran Qay AzAL-ın və “Sumqayıt”ın qapısına penaltidən yol tapmışdısa, bu dəfə oyun epizodunda fərqlənib. Aleksey 3 qolla həm də çempionatımızın bombardirlərindəndir. O, “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev, “Qarabağ” və “İnter”in braziliyalı legionerləri Riçard Almeyda və Dieqo Martinslə birgə şərikli liderdir. Aleksey bu ildən şərəfini qoruduğu “Qəbələ”də, ümumilikdə, 7-ci dəfə fərqlənib.

Qol sayında Qayın komandada ən yaxın izləyiciləri həmyerlisi Aleksey Antonov və Samir Zərgərovdur. Zərgərov “Rəvan”la oyunda fərqlənməklə, cari mövsümdə qol sayını 2-yə çatdırıb. Ümumilikdə isə 29 yaşlı yarımmüdafiəçi “Qəbələ”də 12-ci qoluna imza atıb. Bu çempionatda Dodoyla yanaşı, əcnəbi hücumçular – estoniyalı Sergey Zenyovla bosniyalı Ermin Zets hərəyə 1 qol vurub. Onlar da Antonov kimi “Qəbələ”də debüt mövsümlərini keçirirlər.

Həmin kateqoriyadan