Dünya çempionatında yunan-Roma güləşçilərimizdən daha 3 bürünc

Serbiya paytaxtı Belqradda güləşçilərin dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü günündə yunan-Roma güləşində daha 4 çəkidə mükafatçılar bilinib.

Taleh Məmmədov (63 kq) 1/8 finalda latviyalı Aleksandr Yurkyans üzərində əzmkar qələbə qazanıb – 7:3. Təcrübəli güləşçimiz 1/4 finalda son olimpiya çempionu, kubalı Luis Alberto Sançesə qalib gəlib – 3:1. Məmmədov yarımfinalda serbiyalı Sebastyan Nada (0:5) məğlub olub. Taleh bürünc medal uğrunda ermənistalı Qraçya Poqosyanı 10:4 hesabıyla üstələyərək dünya üçüncüsü olub.

Həsrət Cəfərov (67 kq) ilk mərhələni güləşmədən adlayıb. Meksikalı Dieqo Martines yarışöncəsi zədələndiyi üçün həmyerlimiz birbaşa 1/8 finala yüksəlib. Cəfərov bu mərhələdə yaponiyalı Katsuaki Endoya heç bir şans tanımayıb – 9:0.  Gənc güləşçimiz 1/4 finalda çinli Husiyetu Husiyetudan güclü olub – 7:0. Cəfərov finalın bir addımlığında Avropa çempionu və dünya üçüncüsü Mate Nemeşlə qarşılaşıb. Həsrət serbiyalı rəqibinə 2:5 hesabıyla məğlub olub. Milli üzvü bürünc medal üçün türkiyəli Murat Firatla mübarizə aparıb. Rəqibinə 8:2 hesabıyla qalib gələn Cəfərov bürünc medalı boynundan asıb.

Rafiq Hüseynov (82 kq) 1/8 finalda yaponiyalı Yuya Okajima üzərində 7:1 hesablı qələbə qazanıb. Ancaq dünya və Avropa çempionumuz növbəti mərhələdə özbəkistanlı Jalqasbay Berdimuratova məğlub olub – 0:11. Ancaq rəqib finala qədər irəlilədiyi üçün Hüseynov təsəlliverici görüşdə iştirak əldə edib. Qazaxıstanlı Dias Kalenə “tuşe” ilə qalib gələn Rafiq bürünc medal görüşünə vəsiqə qazanıb. Titullu pəhləvanımız 3-cü yer uğrunda qarşılaşmada macarıstanlı Tamaş Levaya 1:3 hesabıyla uduzub.

Arif Niftullayev (97 kq) debütdə son Avropa çempionatının bürünc medalçısı Daniel Qastla (Avstriya) 3:2 hesabıyla qalib gəlib. Niftullayev 1/8 finalda litvalı Vilius Laurjnaytisi vaxtından əvvəl məğlub edib – 8:0. Arif daha sonra macarıstanlı Aleks Sokeyə tam üstünlüklə (10:2) qalib gələrək adınnı yarımfinala yazdırıb. Həmyerlimiz finalın bir addımlığında bolqarıstanlı Kiril Milovla qarşılaşıb. Niftullayev ilk hissəni 3:0 öndə tamamlasa da, ikinci hissədə təşəbbüsü əldən verib. Avropa çempionu və dünya ikincisi olmuş rəqibinə “tuşe” ilə uduzan Arif bürünc medal uğrunda italiyalı Nikolos Kakelaşviliylə qarşılaşıb və güclü rəqibini 2:1 hesabıyla üstələyərək dünya üçüncüsü olub. 

Həmin kateqoriyadan