- Baxış sayı: 50
- 17 Fevral 2026 23:41
- Baxış sayı: 354
- Fevral 16, 2026
- 0

“Qarabağ”ın prezidenti Tahir Gözəl çempionlar liqasının pley-off mərhələsinin “Nyukasl”la sabah keçiriləcək ilk oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb.
Allsport.az xəbər verir ki, o, öncə “Qarabağ”ın bu mərhələyə qədər irəliləməsi barədə fikrini bildirib:
“Əvvəla biz bu gün hara qədər irəlilədiyimizi dərk etməliyik. Avropada yüksək liqalarda oynayan 850 komanda var. Onların xeyli hissəsinin büdcəsi bizdən qat-qat yüksəkdir. Avropanın aparıcı futbol ölkələrinin ikinci liqa klublarının da büdcəsi bizimlə müqayisədə yuxarıdır. Demək olar ki, biz 2000-2500 klub arasında ilk “25-lik”dəyik. Bu, doğrudan da möcüzədir. Onların büdcəsinin bəlkə də 10-qat aşağısı ilə bura qədər irəliləmişik. Bu, hamımızda möhtəşəm qürur və özünəinam yaratmalıdır ki, bura qədər gəlmişik”.
Tahir Gözəl sıx qrafikdə oynayan komandanın sabah da azarkeşlərə sevinc bəxş edəcəyinə inandığını qeyd edib: “Son vaxtlar komandamızın çox sıx qrafiki var idi. Şamaxıda, süni örtüklərdə, Qubada, gilin içində, çox ağır oyunlar fiziki cəhətdən futbolçularımızda yorğunluq yaratsa da, indi baxıram ki, “Qarabağ”da motivasiya ən yüksək səviyyədədir. Klubumuz, biz, oyunçularımız sabahkı oyunun önəmini bilirik. Əminəm ki, futbolçularımız içlərində, ürəklərində, bədənlərində ilahi bir qüvvə tapacaqlar. O an gələcək. Necə ki, “Ayntraxt”la qarşılaşmada 65-ci dəqiqədən sonra oyuna diqtə etdik və nəticə qazandıq. Sabah da belə olmasını gözləyirəm”.
Klubun prezidenti iki klubun büdcəsi arasında fərqə toxunub: “Nyukasl” İngiltərənin ən zəngin klublarından biridir. Büdcəsi 700-750 milyon funt sterlinqdir. Bu bir milyard dollardır. Bizdən 50-qat böyük klubdur. Amma onlar qarşılarında inamlı, hər zamankı kimi hücum futbolu oynayan, şücaətli bir “Qarabağ” görəcəklər. Nəticənin necə olacağını bilmirəm, kimsə də deyə bilməz. Əsas arzum budur ki, xalqımızdan alqış alaq və oyunun keyfiyyəti üstün olsun, dominant futbol oynayaq. Futbolçularımdan xahişim və gözləntim budur. Əlbəttə, biz bura möhtəşəm baş məşqçimiz Qurban Qurbanovun dahiliyi, zəhməti, texniki heyət, məşqçimiz Elçin Rəhmanov, futbolçularımızın əməyi, xalqımızın inanılmaz dəstəyi, cənab prezidentimizin dəstəyi ilə gəlmişik”.
Tahir Gözəl “Azersun Holdinq”in klubun inkişafındakı rolunu xatırladıb: “Sabah gözəl nəticə qazanmaqla ən çətin günlərimizdə yanımızda olan “Azersun Holdinq”, orda çalışan minlərlə əməkdaşı sevindirmək istəyirik. Onlara deyirəm ki, belə bir komanda yaranmasında nə qədər böyük rol oynadığınız üçün özünüzlə fəxr etməlisiz. “Azersun Holdinq” bir günəş kimi həmişə orda idi. Büdcəmiz çatmayanda, ikiqat artıq büdcə istəyəndə heç vaxt yox demədiklərini heç unutmuram. “Azersun Holdinq”in rəhbərliyinə, əməkdaşlarına, hər kəsə təşəkkür edirəm. Xalqıma deyirəm ki, sabah hamımız “Qarabağ”ın yanında olaq, tək bir yumruq olaq, xalqımızı sevindirmək bizə nəsib olsun”.
Klub prezidenti “Qarabağ”ın büdcəsinin artırılacağını bildirib: “Əlbəttə, “Qarabağ”ın büdcəsi növbəti mövsümdə artacaq. Bu gün qazandıqlarımızı fikirləşib, qazancı 2-3 il üçün planlaşdırıb, oyun keyfiyyətimizi necə artırmaq üçün büdcəni də artıracağıq. Qurban Qurbanovla daim təmasdayıq. Rəhbərlik olaraq ona dəstək veririk. Təkcə hücum deyil, hər mövqedə oyunçu axtarırıq. “Qarabağ” futbol bazarındadır, əlimizdən gələni edirik və çox aktiv işləyirik”.
Tahir Gözəl səfərdəki cavab görüşü öncəsi qələbənin vacibliyini qeyd edib: “Mənim arzum odur ki, ev oyununda qələbə qazanaq. Tofiq Bəhramov adına respublika stadionunda qalib olaq, bu matçdan azarkeşlərimizlə, qələbə ruhu ilə çıxsaq, səfərdəki görüşün yekununda nəticə qazanacağımıza inanıram”.
O, premyer liqada rəqabətin artmasına münasibət bildirib: “Qarabağ”ın hədəfi Avropada uğur qazanmaqdırsa, bu tempdə bir tərəfdə itki olacaq. Bu bir faktdır. Bunu qəbul etməliyik. Həm beynəlxalq arenada, həm daxili yarışlarda oynamaq futbolçular üçün ağırdır. Hər 2-3 gündən bir oyun olur. Bunun təsiri var. Bundan başqa həm də yerli klublarda möhtəşəm inkişaf var. “Sabah” bir möcüzədir. Möhtəşəm bir komanda qurublar. Çox ağır və güclü rəqibdir. Bunu “Neftçi”nin özü barədə də demək olar. Artıq Azərbaycan çempionatında keyfiyyət artır. “Zirə” də çox güclüdür. Bizim, Azərbaycan futbolunun səviyyəsi artır. Amma “İmişli” ilə oyunda Quba stadionunun vəziyyətini görəndə insan bir az üzülür. Hamımız başa düşək ki, futbolu inkişaf etdirmək üçün infrastruktur olmalıdır”.
Tahir Gözəl klubun infrastrukturla bağlı planlar qurduğunu açıqlayıb: “Hətta bizim qarşıdakı 3 ildə planlarımız yaxşı futbolçular gətirmək də var. Amma əsas hədəfimiz yaxın 3-4 ildə çox ciddi infrastrukturun olmasıdır. Sanballı, bizə yaraşan infrastruktur yaratmalıyıq. Çempionatdakı hər klub da buna səy göstərməlidir”.
Tahir Gözəl avrokubokların növbəti mövsümünə də toxunub: “İnsan əlindən gələni etməlidir. Biz əlimizdən gələni edəcəyik. Qalanı bəxtə nə düşəcəyindən asıldıır. Əmin ola bilərsiz ki, klubda hər kəsin motivasiyası ən yüksək səviyyədədir. “Qarabağ” o qədər gözəl, təmiz, müqəddəs ailədir. Biz savaşan komandayıq və bizdə savaşçı ruhumuz var. Qismət olsa növbəti mövsümdə də çempionlar liqasında vuruşacağıq, olmasa konfrans liqasında. Bəlkə də xeyirlisi o olacaq. Konfrans liqasına düşsək, sonadək gedəcəyik”.