Elmar Baxşıyev: Çalışacağıq ki, iddiamızı hər oyunda göstərək

Azərbaycan premyer liqasının IX turunun “Qəbələ” – “Sabah” oyunundan (1:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Allsport.az 41 yaşlı mütəxəssisin fikirlərini təqdim edir: 

“Bilirdik ki, bizi qarşıda çətin oyun gözləyir. Heyətimizdə itkilər var idi. 2 futbolçu sarı vərəqə limitinə görə matçı buraxırdı. Ona görə heyətdə rotasiya etməyə məcbur idik. Oyuna gəlincə, qarşılaşmanın ilk yarısında komanda verilən tapşırığı yerinə yetirirdi. Çoxsaylı qol epizodları da yaratdıq. Lakin dəyərləndirməkdə çətinlik çəkdik. Qapımızda bir az kuryoz qol gördük. Bundan sonra komanda olaraq bir az toparlana bilmədik. Amma 2-ci hissədə yenə öz oyun dəst-xəttimizi göstərməyə çalışdıq. Ümumilikdə isə komandanın oyunundan razıyam. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı oyun nümayiş etdirəcəyik. Sırf 2-ci yerə çıxmalıyıq kimi anlayış yoxdur. Qarşıdakı matçı düşünürük. Bilirik ki, mövsüm uzundur. Çalışacağıq ki, yüksək yerlər uğrunda mübarizə aparaq və iddiamızı hər oyunda göstərək. Bu bəzən alınacaq, bəzən yox. İnanıram ki, komanda əlindən gələni edəcək ki, daha yüksək pillədə olsun”.

Həmin kateqoriyadan