Elmar Baxşıyev: “Mövsümün əvvəlində iddiasız idik”

Azərbaycan premyer liqasının XIII turunun “Zirə” – “Qəbələ” oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az 41 yaşlı mütəxəssisin fikirlərini təqdim edir:

“Qarşıda bizi çətin oyunun gözlədiyini bilirdik. Bu il “Zirə” də çox iddialıdır. Rəşad Sadıqov yaxşı komanda formalaşdırıb. Həm müdafiədə, həm də hücumda etibarlıdırlar. Düşünürəm ki, dinamik oyun izlədik. Hər 2 komanda qələbəyə layiq idi.

Futbolçularımızı təbrik edirəm. Mövsüm ərzində xarakter göstərirlər. İnanıram ki, getdikcə daha da məzmunlu oyunumuzu davam etdirəcək və iddiamızı ortaya qoyacağıq. Öncə də qeyd etmişəm ki, formalaşdırdığımız komanda çox mehribandır. Oyunçular bir-birinə qarşı səmimidirlər. Uduzduğumuz oyunlarda da heç bir irad bildirmirdim.

Çünki görürəm ki, istədiyimi meydanda verirdilər. Mövsüm başlayandan da ilk tapşırığımız olub ki, mən istədiyimi meydanda versinlər. Nəticə bəzən olur, bəzən yox. Komanda məşqlərdə də bunu göstərir. Heç kimə təəccüblü gəlməsin ki, mövsümün əvvəlində iddiasız idik. Amma mövsüm göstərir ki, daha yaxşı olmağı bacarırıq”.

Həmin kateqoriyadan