- Baxış sayı: 35
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Rio-2016-da Azərbaycan olimpiya komandasının 2-ci medalını da cüdoçu qazandı. Allsport.az saytı xəbər verir ki, bu Oyunlarda əsas medal ümidlərimizdən biri olan Elmar Qasımov 2009-cu ildə İrəvanda keçirilən gənclərin Avropa çempionatının qalibi olaraq, Ermənistanda, qalib kimi, bayrağımızı dalğalandırıb, himnimizi səsləndirməsi ilə məşhurlaşmışdı. İdman.com.az final görüşündən sonra, isti-isti gümüş mükafatçımızın bu tutaşma, ümumiyyətlə, olimpiada barədə fikirini öyrənib:
– Elmar, səni təbrik edirik. Ölkəmizə, cüdo komandamıza ikinci medalı qazandırdığın üçün sənə təşəkkür edirik.
– Çox sağ olun. Göstərdiyiniz dəstəyə, diqqətə görə, sona qədər mənə inandığınız üçün hamınıza, hər kəsə təşəkkür edirəm.
– Final qədər çox parlaq qələbələr qazandın?
– Açığı, Rioya bir az yorğun gəlmişdik. Lakin bizim bura erkən gəlməyimiz, iki həftə ərzində lazım olan vaxt, iqlim uyğunlaşması keçməyimiz lap yerinə düşdü. Hazırlığımda bu amillərin hədsiz rolu oldu. Gördüyünüz kimi, yarışa tam hazır vəziyyətdə çıxmışdım. Birinci görüşdən də aydın hiss etmək olardı ki, fiziki, funksioanl və taktiki hazırlığım qaydasındadır. Yarımfinala qədər titullu rəqiblərimdən və qələbəyə əsas namizədlərdən biri ilə görüşsəm belə, həmin ana qədər hər şey əla gedirdi. Ukraynalı rəqibim Artyom Bloşenko ilə görüşdə var gücümü ortaya qoydum. Çünki bilirdim ki, iki-üç dəqiqə ərzində, nə bacarırsa, ortaya qoymalıdır, yoxsa məğlub olacaq. Mən buna hazır idim. Lakin çox qüvvə sərf etdim. Bütün əzələ qruplarımı fəal çalışdırdım. Sonra isə finala qədər çox az vaxt qaldı. Tam bərpaya vaxt az idi.
– Bununla belə finalda da parlaq çıxış etdin. Amma bu rəqibə qalib gəlmisən. Özü də 2009-cu ildə gənclərin qitə çempionatında o məşhur qələbəni də onun üzərində qazanmısan. Yerevanda qalib gəlib bayrağımızı qaldırıb himnimizi səsləndirdiyin o gözə anlarda qalib gəldiyin bu rəqib səncə nə qədər dəyişib?
– Dəyişən yaşdır. Əlbəttə, o ustalığını xeyli artırıb, təcrübəsi çoxdur. Bununla belə onunla şəxsi görüşlərimi yaxşı xatırlayıram və üstünlüyüm də var. Sadəcə, bu görüşdə o, fiziki parametrlər, göstəricilər üzrə üstünlüyündən və buna görə də müvafiq olaraq dözümlüyündən istifadə edə bildi.
– Qələbələrdən söz düşmüşkən, Yerevandakı xatirələrdən çıxmayan qələbəndən sonra bəlkə də ən parlaq yarışın budur.
– Əhəmiyyət baxımından bəlkə də ola bilər. Lakin son illərdə mötəbər yarışlarda kifayət qədər fəal olmuşam. Bura da ən güclülərdən biri kimi gəlmişəm. Əlbəttə, olimpiya oyunlarının öz yeri, öz mövqeyi, öz çəkisi var. 4 ildən bir keçirilən yarışda medal qazanmaq bir ömürlük hadisədir.
– Bu anlarda ölkəmizdə sənin valideynlərini də təbrik edən az deyil. Elə ölkəmizdə də hamı bu medalla bir-birini təbrik edir və sevinir.
– Hamıya, bütün Azərbaycana təşəkkür edirəm. Əlbəttə, idmandakı nailiyyətlərimdə valideynlərimin əvəzsiz xidməti, rolu olub. Məni idmana atam gətirib, anam həmişə mənə dəstək olub. Onlara sonsuz minnətdaram. Atamın dəstəyi, mənə sonsuz inamı olmasaydı, bəlkə də bu həddə, bu səviyyəyə qədər gəlib çıxmazdım. Məni idmana gətirsə də, yeddi il böyük uğuru gözləmişəm. Məndən çox uğurlarıma məhz valideynlərim inanıb.
– Sabah axırıncı cüdoçumuz tatami üzərinə çıxacaq. Səncə, ilk dəfə cüdoda üç idmançımızın medalına sevinə bilərikmi?
– Uşanginin güclü rəqibləri çoxdur. Hətta birinin cəmi bir, ya iki məğlubiyyəti var. Demək olar ki, məğlubedilməzdir. Başqaları da var. Amma onun medal şansı var və ona inanırıq.
– Elmar, finala rəqiblərə ipponla qalib gəldin, həlledici qarşılaşmada isə bu qələbə fəndi ilə uduzdun. Belə finalı gözləyirdinmi, başqa sözlə, finalda kiminlə daha çox görüşmək istəyirdin?
– Rioya gələndə, finalda yaponiyalı ilə görüşə biləcəyimi təxmin edirdim. Açığı, bütün qəzəbimi ona kökləyə bilərdim. Onunla bir görüşümün xatirəsi qalıb. Elə komanda yoldaşlarım da tez-tez onunla finalda görüşüb əvəz çıxmağımla bağlı zarafatlaşırdılar da.
– Rusiyalı Tahir Xaybulayev deyib ki, sən güclü idmançısan, son vaxtlar xeyli inkişaf etmisən, lakin sənə məğlubiyyətinin səbəbi onu təqib edən zədələridir.
– Ona hardasa haqq verirəm – həqiqətən son illərdə çox əziyyət çəkir. Amma bu idmandır, burada qalibi yalnız mübarizə meydanı elan edir. London olimpiadasında bəlkə də düzgün strateji hazırlıq planımız qurulsaydı, onunla finalda görüşə bilərdim. Yarışa dünya reytinqinin bir nömrəsinə qalib gəlməklə başladım. Lakin təlim-məşqdən birbaşa Londona gəlib yarışa qoşulduğum üçün yorğunluq özünü tez büruzə verdi. Ən zəif rəqiblərimə uduzdum. O vaxt finalda onunla güləşmək istərdim. Amma, etiraf edim ki, burada ilk görüşdə onunla – dünya və Avropa çempionu, olimpiya oyunlarının qalibi ilə üz-üzə gəlib ona qalib gəlməyim, mənə böyük təkan oldu.
Qabil MEHDİYEV
Rio de Janeyro