Emil Balayevin komandasının taleyinə pley-ofda aydınlıq gələcək

Almaniya Bundesliqasında mövsümün sonuncu – 34-cü turunun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu “Ayntraxt” səfərdə “Verder”lə qarşılaşıb. Frankfurt təmsilçisi son tur öncəsi xallarının sayını 36-ya çatdıraraq, təhlükəli zonadan çıxmış və 15-ci pillədə qərarlaşmışdı.

Amma son turda bu komandanı məhz əsas izləyicisi ilə görüş gözləyirdi. Taleyüklü matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 0:1. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.

“Verder” bu vacib qələbə sayəsində Bundesliqada qalmağa nail olub. Əvəzində “Ayntraxt” 16-cı pilləyə düşüb. Düzdür, bu, hələ Frankfurt klubunu elitada qalmaqdan tam məhrum etməyib. Çünki “Ayntraxt” Bundesliqada qalmaq üçün aşağı liqada 3-cü yeri tutmuş “Nürnberq”lə iki pley-off matçı keçirməlidir. Həmin oyunlardan birincisi mayın 19-da Frankfurtda, cavab görüşü isə ayın 23-də səfərdə keçiriləcək.

Həmin kateqoriyadan