“Emil Balayevin oyununu briliyanta bənzədirəm”

“Ay-ulduzlular”ımızın baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçməsində “E” qrupunda Xorvatiyaya qarşı keçirilmiş oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, həmyerliləri ilə 1:1 hesablı heç-heçəyə razılaşdıqları görüşlə bağlı bunu söyləyib:

“Futbolçularımın göstərdiyi oyundan razıyam və onlarla qürur duyuram. Dünyanın ən güclü yığmalarından biri ilə qarşılaşdıq. Azarkeşlərimizin xüsusilə ikinci hissədə dəstəyi inanılmaz idi. Onları təbrik edir və təşəkkürümü bildirirəm. Xorvatiya mənin vətənimdir, amma bu gün Azərbaycanın uğur qazanması üçün çalışdıq. Yaxşı oynadığımız oyunlar olsa da, bunu hesabda əks etdirə bilmirdik.

Amma Xorvatiya ilə qarşılaşmada bunu bacardıq. Bu gün azarkeşlərin özlərini xoşbəxt hiss etməsindən şadam. Tənqid üçün açıq insanam. Heyəti başqa oyunçulardan qursaydım qələbə qazanardıq ya yox, buna cavab vermək çətindir. Həqiqətən də Macarıstan və Slovakiyaya qarşı yaxşı oyun göstərə bilmədik. Bunun bir sıra səbəbləri olsa da, əsas göstərici fiziki hazırlığımızın yüksək olmaması idi. İki yolumuz var: nəyin hesabına olursa-olsun xal qazanmaq, ya da gələcək üçün yeni oyunçular hazırlamaq.

Bugünkü heyətimizdə Emil Balayev, Anton Krivotsyuk, Bəhlul Mustafazadə, Mahir Əmrəli, Ömər Buludov, Renat və Rüfət Dadaşovlar kimi gələcəkdə komandamıza xidmət edəcək istedadlı gənclər var. Emil Balayevin oyununu briliyanta bənzədirəm. Əsasən də oyunun ilk 15-20 dəqiqəsindəki çıxışını qeyd edərdim. Çünki rəqibimiz matça çox istəkli və sürətli başlamışdı”. 

Həmin kateqoriyadan