Endi Hallidey: “Qəbələ”yə keçəndən cəmi 7 gün sonra, artıq geri dönmək haqqında düşünürdüm
10 yanvar 2018 / 12:55 Baxış sayı: 1233 “Qəbələ”dən ayrılaraq “Qlazqo Reyncers”ə geri dönən Endi Hallidey klubun saytına müsahibə verib. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi Azərbaycanda keçirdiyi günlər haqqında danışıb. O, yenidən vətəninə döndüyü üçün şad olduğunu deyib: “Geri döndüyüm üçün çox məmnunam. Burdan ayrılmam çox şanssız bir qərar idi, amma tezliklə geri dönmək üçün bir fürsət olacağını bilirdim və bunu gözləyirdim”.
Şotlandiyalı oyunçu “Qəbələ”də oynadığı dövr haqqında nə danışacağını bilmədiyini, ancaq burada özünü yaxşı hiss etmədiyini bildirib: “Ora gedəndən cəmi 7 gün sonra artıq geri dönmək haqqında düşünürdüm. Qərarımın səhv olduğunu bilirdim, amma başqa yerə getmək üçün icazə verməyəcəklərinin də fərqində idim. Buna görə də mümkün qədər pozitiv olmağa və vaxtımı gözləməyə başladım. Azərbaycanda keçirdiyim bir neçə ay çox çətin oldu. İngiliscə bilən adamlar az idi. Ailəm yanımda deyildi, üstəlik sevgilimin Şotlandiyada davamlı işi olduğu üçün mənimlə gəlməmişdi. Yaxşı ki, komandada bir neçə hollandiyalı oyunçu var idi və onlarla ingilis dilində ünsiyyət qura bilirdim. 6 ay müddətində əsasən onlarla münasibət qurdum”.
Futbolinfo.az-ın məlumatına görə, Hallidey “Qəbələ”də olduğu vaxt bir neçə oyunda mərkəz müdafiəçisi kimi çıxış etdiyini və buna çox təəccübləndiyini də deyib: “Üç matçda mərkəz müdafiəçisi kimi oynadım. Komandanın iki xarici müdafiəçisi var idi və ikisi də zədələndi. Bu məqamda heç vaxt oynamadığım mövqedə çıxış etməli oldum. Üç matçda da qapımızda qol görmədik. Mənim üçün yeni bir təcrübə idi. Avropa Liqası və kubok görüşlərində əcnəbi oyunçu limiti olmadığı üçün heyətə düşə bilirdim. Xüsusilə də “Qəbələ”nin Avroliqada çıxış etməsi qərarımda həlledici rol oynadı. Bir il əvvəl qrup mərhələsində oynamşdılar, bu dəfə də yaxşı şansları var idi. Amma püşk bizim üçün uğursuz oldu. Polşa komandasını keçsək də, “Panatinaikos”la bacarmadıq. Avropada qazandığım təcrübə üçün minnətdaram, amma bundan başqa maraqlı nəsə olmadır”.