- Baxış sayı: 3
- 21 Noyabr 2024 11:21
- Baxış sayı: 94
- Noyabr 19, 2024
- 0
Ötən ayın sonu Misli premyer liqasında mövsüm başa çatdı. Bu çempionat hər mənada gərgin keçdi. Durumun belə olmasında kənar təsirlər də öz rolunu oynadı. Premyer liqaya yeni himayədar gələndən sonra, “Bal layn” (“Bal line) şirkətinin rəsmi ticarət markası “Etopaz” yenidən fəallaşdı. Mərc qoyanlara yaxın və onlarla əməkdaşlıq edən mirzələr sifarişçilərin əlinə işlədilər. Bu işdə özlərinə dost klubları da unutmadılar. Ölkə çempionatının sponsoru olmayan dönəmdə ortalıqda görünməyən “Etopaz” qəfil zühur etdi. Çünki yeni rəqibləri həzm edə bilmirdi. İlk addımı KİV-də tərəfdaşlarını “Qarabağ”ın səfər oyunlarına ezam etməsi oldu. Nəyə görə bu klub? Ona görə ki, yanaşma yerliçilik və dostluq üzərində qurulmuşdu. Sonra portnyorlarına, öz saytlarında və sosial hesablarında “Misli” ilə “Azərlotereya” sözlərini yazmağı yasaqladı. Bununla da, açıq-aşkar Azərbaycan hökümətə qarşı çıxdı.
Nəzərinizə çatdıraq ki, “Azərlotereya” açıq səhmdar cəmiyyəti — Azərbaycan respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaların artırılması və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətinin daha da gücləndirilməsi məqsədi ilə 23 noyabr 2001-ci ildə yaradılmış qurumdur. “Azərlotereya” ASC-nin təsisçisi Azərbaycan respublikasının iqtisadi inkişaf nazirliyidir. Malların satışı və xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalar istisna olmaqla, ölkə ərazisində bütün növ lotereyaların buraxılması, təşkili və keçirilməsi fəaliyyətini “Azərlotereya” ASC, lotereyanın buraxılmasına, təşkilinə və keçirilməsinə dövlət nəzarətini isə Azərbaycan respublikasının prezidenti yanında qiymətli kağızlar üzrə dövlət komitəsi həyata keçirir.
2021-ci ildə “Azərlotereya” ASC Türkiyənin “Dəmirörən Şans Oyunları Yatırımları” (“Dəmirörən mərc oyunları sərmayələri”) şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans”ın idarəetməsinə verilib. Misli – Azərbaycan futbol federasiyaları assosiasiyasının nəzdində olan Peşəkar futbol liqasıyla rəsmi müqaviləsi var və Azərbaycan premyer liqasının baş himayədarıdır. Bu günlərdə eyni anlaşma sözü gedən şirkət ilə AFFA arasında imzalanıb. Görünür, “Boz ev” də “Misli”yə üstünlük verib. Çünki “Etopaz” millinin son səfər oyunlarında özünə yaxın medianın ezamını maliyyələşdirmişdi və yavaş-yavaş bu bazara da girmək niyyətindəydi. Rövşən Nəcəfin siyasəti isə odur ki, sosial layihədən bütün KİV bəhrələnməlidir. Yeni AFFA prezidentinin məqsədi qruplaşmaların yox edilməsi, futbolun vahid mərkəzdən idarə olunmasıdır.
“Bal layn”mı deyək, ya “Etopaz”, bu qurum ana dilini, onun qrammatikasını da bəyənmir. Başqa sözlə, ölkə qanunlarını kobud şəkildə pozur. Şirkət minifutbol üzrə banklar liqasına himayədarlıq edir. Yarışın adı “Alov liqası”dır (“Fayr liqa”). Əməkdaş tərəfdaşlara təkid edir ki, çempionatın ingiliscə adı – Fire League olduğu kimi yazılsın. Yəni, xüsusi ifadə kimi heç dırnağa da alınmasın. Axı başqa ölkənin sözü niyə Azərbaycan cümləsində eynən işlənməlidir? Harada yazılıb ki, başqa dildə sözlər tərcümə olunmur və ya ana dilinə uyğun oxunmur? ARDNŞ, həm də SOCAR olaraq dünyaya təqdim olunur. Hətta qardaş Türkiyədə, “Adalet ve Kalkınma Partisi”, bizdə bütün rəsmi mənbə və qaynaqlarda “Ədalət və İnkişaf” partiyası kimi yazılır. Bunca nümunələr çoxdur. Elə bizim adlar da başqa dillərdə hərəsinin öz üslubunda təqdim edilir.
İqtidaryönlü Allsport.az portalının bu iradları qarşı tərəfə bildirməsi, onları açmayıb. Bu üzdən aprelin 19-da səbəb göstərmədən müqaviləyə xitam veriblər. “Etopaz” ilə müqavilə 250 manat təşkil edirdi. Ona vergi, sosial və icbari tibbi sığorta da daxil idi. Obrazlı desək, hər ay elə bu məbləğ sayında da sifariş verirdi. İlk dəfə idi reklam lövhəsində tez-tez şəkillərin dəyişdirilməsinə rast gəlirdim. Halbuki onu sifarişçi şirkətin proqramçıları elə tərtib edirlər ki, hər şəkil yeniləndikdə, birbaşa o da saytda dəyişir.
Başqa bir maraqlı tərəfi odur ki, məktubda həmin ilk 19 günün ödəniləcəyi maliyyə göstərilməyib. Haqq-hesab edilməməsi digər qeyri-peşəkarlığın nümunəsidir. Çünki həmin müddətə qədər xidmət göstərilib, baner nəzərdə tutulan yerdə qalıb, ünvanlanan pres-relizlər saytda yerləşdirilib.
“Misli” rəqibini tədricən futboldan sıxışdırmaq niyyətindədir. “Etopaz”ın cavabı nə olacaq? Çox güman, hazırda yeni plan üzərində iş gedir. Ola bilsin, dövlət təşkilatlarına yeni basqılar təşkil olunsun. Artıq buna öyrəncəlidir. Üstəlik, ətrafında xeyli nüfuzlu tənqidçi jurnalist var. Şirkətin ən güclü əli “Qarabağ” klubudur. Amma hökuməti və iqtidaryönlü KİV-i sevmədiyindən, ötən mövsüm bu klubla birgə bütün səfər layihələrində allsport.az-ı kənarda saxladı. “Etopaz”ın ölkə futbolunun “zəif bəndi” – milli komanda üzərindən AFFA-ya da təzyiq ehtimalı böyükdür. Ölkə futbolu müxtəlif güclərin yeni nüfuz savaşı ərəfəsindədir. Açır hədəf isə bəllidir: “ay-ulduzlular” – yəni, milli tağım – Azərbaycan…