- Baxış sayı: 18
- 21 Noyabr 2024 10:59
- Baxış sayı: 94
- Noyabr 19, 2024
- 0
Ölkə futbolu və idman mətbuatı mərc şirkətlərinin savaş meydanının ortasında qalıb. Oyunbazlar, imkan düşdükcə, tərəfdaşlarına təzyiq edir, onlardan şəxsi mənfəətləri üçün yararlanmağa çalışırlar. Ötən ayın 10-unda ““Etopaz” Azərbaycan hökumətinə qarşı! Mərc şirkətləri arasında amansız rəqabət?” başlıqlı yazıda bu məsələyə ətraflı toxunmuşdum. Görünür, yazılanlardan nəticə çıxarmaq əvəzinə, daha dərinə gedirlər.
İyunda “ay-ulduzlular”ımız Macarıstanda təlim-məşq keçdi. Toplanış çərçivəsində Albaniya (1:3) və Qazaxıstan (3:2) seçmələri ilə yoxlama oyunu oldu. Bu səfərə AFFA bir qrup KİV nümayəndəsini ezam etmişdi. Maliyyə tərəfi əsas millinin yeni himayədarı “Misli”nin üzərinə düşmüşdü. Dunay sahilinə yollananlar arasında “Bal layn” (“Bal line) şirkətinin rəsmi ticarət markası “Etopaz” ilə rəsmi müqaviləsi olan azerisport.com saytı, daha doğrusu, onun əməkdaşı da vardı.
Əldə etdiyimiz məlumata görə, bundan xoşlanmayan rəhbərlik qarşı öz narazılığını bildirib. Belədə, tərəflər arasında gərginlik yaşanıb və münasibət pozulub. Saytda artıq “Etopaz”ın təbliğat lövhəsinə rast gəlinmir. Dəqiq söyləyə bilmərəm, “Bal layn” azerisport.com ilə haqq-hesab edib, ya yox, amma allsport.az-ın göstərdiyi xidmət müqabilində 19 günün (aprel ayı) ödənişini hələ də etməyib. Heç səslərini də çıxarmırlar.
Xatırladaq ki, “Azərlotereya” açıq səhmdar cəmiyyəti — Azərbaycan respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaların artırılması və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətinin daha da gücləndirilməsi məqsədi ilə 23 noyabr 2001-ci ildə yaradılmış qurumdur. “Azərlotereya” ASC-nin təsisçisi Azərbaycan respublikasının iqtisadi inkişaf nazirliyidir. Bu dövlət idarəsinin başında Mikayıl Cabbarov dayanır.
Malların satışı və xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalar istisna olmaqla, ölkə ərazisində bütün növ lotereyaların buraxılması, təşkili və keçirilməsi fəaliyyətini “Azərlotereya” ASC, lotereyanın buraxılmasına, təşkilinə və keçirilməsinə dövlət nəzarətini isə Azərbaycan respublikasının prezidenti yanında qiymətli kağızlar üzrə dövlət komitəsi həyata keçirir.
2021-ci ildə “Azərlotereya” ASC Türkiyənin “Dəmirörən şans oyunları yatırımları” (“Dəmirörən mərc oyunları sərmayələri”) şirkətinin törəmə cəmiyyəti olan “YMT Şans”ın idarəetməsinə verilib. “Misli” – Azərbaycan futbol federasiyaları assosiasiyasının nəzdində olan Peşəkar futbol liqası ilə rəsmi müqaviləsi var və Azərbaycan premyer liqasının baş himayədarıdır.
Açığı, istər mərc şirkətləri olsun, istərsə də “Boz ev”in özü, iqtidaryönlü medianı elə də sevmir. Ümumən, dövlət təşkilatları ilə işləməkdə çox maraqlı deyillər. Bu illər ərzində AFFA-da 4 prezident seçilib. Lakin onlardan heç biri gənclər və idman nazirliyini ziyarət etməyib. Azerisport.com vaxtı ilə GİN-in dəstəyi ilə yaradılıb. Saytın qurucusundan olan Zəki Feyzullayev daim dövlətə sədaqət nümayiş etdirib. Hazırda nazirliyin xətti ilə Paris-2024 yay olimpiya oyunlarına yollanan KİV sırasındadır.
“Etopaz” yenə “Qarabağ” üzərindən hərəkətə davam edəcək. Seçmə tağımdan fərqli, Ağdam klubu uğur qazandırır. Hərçənd qarşıda gözlənilməyən olaylar yaşana bilər. Ölkə futbolu çox təhlükəli oyuna salınıb. 2 avqustda premyer liqada yeni mövsümə start veriləcək. Bu dəfə ümumi gərginlik və amansız rəqabət ötən çempionatı arxada qoyacaq. Düzdür, “Dövlət baba” hər şeyi görür, amma “Nə etməli?”, “Necə etməli?” suallarına cavab aradığı vaxt futbolumuz kənar qüvvələrin də təsiri ilə daxili parçalanma və çəkişmələr viranəliyinə çevrilmək astanasındadır.
Kamran HACI