Fərid Qayıbovdan peşəkar addım: əvvəl restoran idi – spirtli içki satırdılar, indi istiqamət üzrə fəaliyyət göstərir – FOTO

Gənclər və idman naziri Fərid Qayıbovun gəlişindən sonra idarənin civarında olan idman qurğuları istiqamət üzrə fəaliyyət göstərməyə başlayıb. Bunlardan biri nazirliklə üzbəüz yerləşən Respublika olimpiya mərkəzidir. Fərid Qayıbovun dövründə manej bir daha əsaslı təmir olunub, ətrafında olan bəzi iaşə müəssisələri qapadılıb. Bunlardan biri ROM-un sağında yerləşən obyekt idi. Öncələr ora restoran və əyləncə məkanı kimi fəaliyyət göstərirdi. Pandemiyadan öncə oranı son olaraq güney azərbaycanlılar icarəyə götürmüşdü. Qapının girəcəyində insanları cürbəcür (yəqin ki bahalı) spritli içkilərdən ibarət guşə “qarşılayırdı”. İdmana aidiyyatı olmayan bu restoran az fəaliyyət göstərdi. Yeni nazirin dönəmində islahat oradan da yan keçməyib. Hazırda həmin məkan Azərbaycan atletika federasiyasının qərargahıdır.

Xatırladaq ki, Fərid Qayıbovun tapşırığı ilə idarənin üz divarı yenilənərək nazirliyin rəmzi ilə uzlaşdırılıb, ətrafında müxtəlif məşhur idman növlərinin guşələri yaradılıb; “Neftçibaza” adı ilə tanınan Olimpiya növləri üzrə milli komandalar üçün təlim-məşq mərkəzi Azərbaycan cüdo federasiyasının ixtiyarına verilib. Bundan savayı, “Azəryol” təlim-məşq mərkəzi voleybolçuların, “ABU arena” isə həndbolçuların üzünə bağlı idi. Hər 2 baza bankların girova çevrilmişdi. Nazirin müdaxiləsindən sonra adı ilk çəkilən qurğu GİN-in təlim-məşq mərkəzi olaraq AVF-in, digəri “AHF arena” kimi əl topu ustalarının sərəncamına verilib.
Güləş olimpiya mərkəzin köçürülməsi Fərid Qayıbov dəstəyi nəticəsində aradan qaldırılıb. SSRİ-dönəmində Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən, müstəqillikdə onun adını daşıyan idman kompleksində ümummilli liderin arzusu ilə ilk dəfə buzüstü xokkey meydanı yaradılıb.

Gənc nazirin futbolda da töhfəsi böyükdür. 2023-cü ildə Qarabağda 1-günlük antiterror əməliyyatından sonra Xankəndi stadionu əsaslı təmir edilib və GİN-in təşkilatçılığı ilə ölkə kubokunun 1/8 finalında “Qarabağ” – MOİK oyunu keçirilib. Quba olimpiya idman kompleksinin stadionunun yaşıl zəmisi müasir tələblərə uyğun yenidən salınıb və artıq 2 ildir orada yeniyetmələr arasında beynəlxalq “Ulduz kuboku” futbol yarışı təşkil olunur. Gənclərin 3-cü MDB oyunları çərçivəsində GİN-in nəzdində olan Gəncə şəhər stadionu yenidən qurulur. Dünən ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, nazirin müşayiəti ilə idman qurğusunda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar. Yaxın gələcəkdə “Kəpəz” futbol klubu öz ev oyunlarını bu arenada keçirəcək.

ABŞ prezidenti Con Kennedi dövlətin nüfuzunun iki şeylə ölçüldüyünü deyirdi: biri – kosmik raketlər, digəri – olimpiya qızıl medalları. Biz ikinci yoldayıq. Çünki idman ölkə siyasətinin ayrılmaz bir hissəsidir və o da həqiqətdir ki, idman uğurları, rekordları çox vaxt tarixi baxımdan nisbətən qısaömürlü olsalar da, dərhal, qazanıldıqları andan dillərə düşür, sahiblərinin və onların təmsil etdikləri ölkələrin adını dilə-dişə salır, məşhurlaşdırır, dünyada tanıdır. Paris-2024-də 2 qızıl, 2 gümüş və 3 bürünc medal ilə Azərbaycan ümumi sıralamada 206 iştirakçı arasında 30-cu yer tutub. Bu, indiyədək ən yüksək göstərici sayılır. Demək, Fərid Qayıbov ilk ciddi imtahandan üzüağ çıxıb…

Kamran HACI



Həmin kateqoriyadan