- Baxış sayı: 40
- 02 Aprel 2026 19:37
- Baxış sayı: 108
- Aprel 02, 2026
- 0

İspaniya futbolunun ən rəngarəng simalarından biri, “Sandokan” ləqəbli Xuan Xose Ximenes Kolyarın həyat hekayəsi idman dünyasında hələ də maraqla xatırlanır. Uzun saçları və gur saqqalı ilə 70-ci illərin məşhur pirat personajını xatırladan müdafiəçi, 1982-ci ildə “Barselona”nın əlindən son anda “Real Madrid” tərəfindən qaçırılaraq “kral klubu”na transfer edilmişdi.
Allsport.az xəbər verir ki, Xuan Xose “Real”da keçirdiyi 3 il ərzində UEFA kubokunu qazansa da, yaddaşlarda ən çox Dieqo Maradona ilə bağlı epizodla qalıb. “El-Klasiko”da Maradonanın qol vurmasına mane olmaq üçün sürətlə qaçaraq qasıq nahiyəsi ilə qapı dirəyinə çırpılan futbolçu, illərlə zarafat obyekti olmuşdu. Lakin o, bu vəziyyətdən belə çıxmışdı: “Mən Maradonanın ayağını sındırmaq əvəzinə, topu çıxarmağa çalışdım. 14 illik karyeramda heç kimi zədələməmişəm”.
Onun milli komanda karyerası isə qəribə bir hadisə ilə bitib. 1983-cü ildə Maltaya qarşı oyundan sonra rəqib azarkeşlərin təhqirlərinə cavab olaraq avtobusun pəncərəsindən qeyri-etik jest (arxasını) göstərən Xuan Xose, təsadüfən həmin an ordan keçən federasiya rəhbərliyinin gözünə sataşmış və bir daha yığmaya çağırılmamışdı.
Futbolu buraxdıqdan sonra maddi çətinliklərlə üzləşən “Sandokan” restoranda işləyib, vərəqə paylayıb və gəmiqayırma zavodunda çilingər kimi fəaliyyət göstərib. Hətta bir müddət narkotik satışı şübhəsi ilə saxlanılsa da, günahsızlığı sübut olunaraq sərbəst buraxılıb.
Bu ilin fevralın 5-də doğma klubu “Kadis” onun xidmətlərini unutmadı və stadionun girişlərindən birinə əfsanəvi futbolçunun adını verdi. Hazırda o, “Real Madrid”in rəsmi azarkeş klublarının səfiri kimi fəaliyyət göstərir.
