Firdovsi Umudov: Bu bayraq ata-babalarımızın, şəhidlərimizin qanı bahasına qorunub saxlanılıb

Arazın o tayında keçirilən dünya kubokunda bürünc medal qazanan Azərbaycanın sərbəst güləş üzrə millisi Bakıya qayıdıb. Allsport.az saytı xəbər verir ki,  Heydər Əliyev Beynəlxalq Hava Limanında KİV-in suallarını cavablandıran baş məşqçi əvəzi Firdovsi Umudov, qazanılan qələbənin ilk növbədə dövlətin qələbəsi olduğunu bildirib. Mütəxəssis, Kirmanşahda yarış zamanı meydana gələn bayraq qalmaqalı barədə bunu deyib:

“Bayrağı qorumaq hamımızın borcudur. Bayrağımız bizim canımızdır, qanımızdır. Bu bayraq ata-babalarımızın, şəhidlərimizin qanı bahasına qorunub saxlanılıb. Dövlətindən, gücündən, əhalisinin sayından, ərazisinin böyüklüyündən asılı olmayaraq kimlərsə bizim dövlətimizə, bayrağımıza qarşı haqsızlıq edərsə, biz buna etirazımızı bildirməliyik.

Belədə, təşkilatçılara iradımı bildirdim. Onlar müxtəlif bəhanə gətirdilər. Amma biz hər zaman səfərə çıxarkən, özünüzlə bayrağımızı aparırıq. İran tərəfinə bildirdim ki, 2-ci görüşdə belə hal yenə baş verərsə, mübarizədə imtina edəcəyik. Mehmanxanadan bayrağımızı gətirəndən sonra, məsələ yoluna qoyuldu.

Biz dövlətimizi, millətimizi sevirik. Mən həm güləşçilərimiz, həm komandamız adından bildirirəm ki, biz cənab prezident İlham Əliyevin ətrafında sıx birləşmişik. Bizim bir dövlətimiz, bir bayrağımız var”.

Xatırladaq ki, komandamız Rusiya ilə ilk mücadilədə salamlamaya cıxarkən, təşkilatçıları təmsil edən bələdçi Azərbaycan adına qəribə bayraqla görünüb, ölçü və rəngdə tələblərə cavab verilməyib; aypara və 8 guşəli ulduz ortada deyil, qıraqda yerləşdirilib. Bu zaman bizimkilər təşkilatçılara etiraz edərək, sonradan çatışmamazlığı yoluna quyublar.

 

Həmin kateqoriyadan