“Fluminense” klubunun nümayəndəsi flaqmanın qonağıdır

“Neftçi”nin dəvəti ilə Braziliyanın “Fluminense” klubunun nümayəndəsi Marselo Teyşeyra Bakıda səfərdədir. Allsport.az xəbər verir ki, o, bu gün “Neftçi”nin 28 Mall Ticarət Mərkəzindəki üzvlük kartları məntəqəsinə baş çəkib. Sambaçı Bakı haqqında təəssüratları və “Neftçi” ilə əməkdaşlıq barəsində klubun rəsmi saytına danışıb:

“Bakı ilə bağlı ilk təəssüratlarım haqqında onu deyə bilərəm ki, çox gözəl və möhtəşəm şəhərdir. Tarixi memarlıq abidələrinin yeni tikililərlə vəhdəti şəhərə yaraşıq verir. Burada gördüklərim mənim üçün xoş sürpriz oldu. “Neftçi”də çıxış edən futbolçulardan Ayltonu 17 yaşından tanıyıram. Uzun müddət bir yerdə çalışmışıq.

“Neftçi” nümayəndələri ilə Almaniyada, gənc futbolçular arasında keçirilmiş turnirdə tanış olmuşduq. Bizim aramızda gələcək əməkdaşlıq haqqında danışıqlar olmuşdu. “Fluminense” üçün “Neftçi” kimi klubla əməkdaşlıq çox önəmlidir.

“Neftçi”nin icraçı direktoru və idman direktoru ilə Braziliyada görüşmüşdük. Onlar bizim futbolçularımızla söhbət apardılar və iş üslubumuzla tanış oldular. Daha sonra biz Bakıya dəvət olunduq”.

Həmin kateqoriyadan