“Formula-1” Avropa qran-prisi ilə bağlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Media nümayəndələri arasında keçirilən “Formula-1 Avropa qran-prisi jurnalistlərin gözü ilə” mövzusunda yazı müsabiqəsinin qalibləri aprelin 22-də mükafatlandırılıb. Allsport.az saytı xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Azərbaycanda Formula-1 jurnalistikasının inkişafına dəstək məqsədilə keçirdiyi müsabiqənin mükafatlandırma mərasimi BŞH-nin ofisində təşkil olunub.

Tədbirdə çıxış edən BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Avropa Qran-prisinin daha geniş ictimaiyyətə tanıdılmasındakı xidmətlərinə görə jurnalistlərə minnətdarlığını bildirib. O, bu mötəbər yarışa daha geniş azarkeş kütləsinin cəlb edilməsi baxımından KİV təmsilçilərinin rolunu yüksək qiymətləndirib.

Avropa qran-prisinin rəsmi elçisi, Formula-1 üzrə idman şərhçisi Rəhim Əliyev jurnalistlərin müsabiqəyə təqdim etdikləri yazıların yüksək peşəkarlıqla hazırlandığını vurğulayıb, qalibləri təbrik edib. Qeyd olunub ki, münsiflər heyəti müsabiqəyə təqdim edilən məqalələri kreativlik, uyğunluq və aktuallıq kimi meyarlar əsasında qiymətləndirib. Sonra qaliblər mükafatlandırılıb.

Həmin kateqoriyadan