Formula-1-də “Yaşıl post” ilə Yaşıl gələcək!

Bakı şəhər halqası (BŞH) ətraf mühitin qorunmasına dair davamlı öhdəliyinə uyğun olaraq, Formula-1 Qətər hava yolları Azərbaycan qran prisinin trekinin 19-cu döngəsində “Yaşıl post”un təkrarən quraşdırılmasına qərar verdi. Allsport.az saytı xəbər verir ki, əsası keçən il qoyulmuş bu yenilikçi layihənin məqsədi, avtomobil idmanının böyük populyarlığı vasitəsilə ətraf mühitin qorunması haqqında qlobal məlumatlılığı artırmaqdır.

“Yaşıl post” motor idmanı üçün daha yaşıl, ekoloji cəhətdən daha təmiz bir gələcəyin təmin edilməsinə olan öhdəliyimizin rəmzi kimi çıxış edir. Bu postdakı marşallar bütövlüklə təkrar emal edilmiş materiallardan hazırlanmış xüsusi dizaynlı yaşıl rəngli marşal geyimləri ilə təmin olunublar. Bundan əlavə, postda istifadə olunan bütün avadanlıqlar ciddi ekoloji standartlara uyğundur, plastikdən istifadəni minimuma endirir və ekoloji cəhətdən təmiz alternativlərə üstünlük verir.

Bu təşəbbüs vasitəsilə BŞH motor idmanının ekoloji məsuliyyətin təşviqində oynadığı mühüm rolu nümayiş etdirir və Formula-1-in ətraf mühit, sosial və idarəetmə (ESG) fəaliyyəti çərçivəsində uğurlu layihə ilə çıxış edir.

2019-cu ildən etibarən F-1, 2030-cu ilə qədər sıfır karbon məqsədinə çatmaq, yarışlarının keçirildiyi hər bir şəhərdə yenilik yaratmaq və idmanı inklüziv etmək məqsədilə dayanıqlılıq strategiyasını həyata keçirir.

Bakı şəhər halqası avtoidman dünyasını, rəsmiləri və azarkeşləri bu təşəbbüsə qoşulmağa dəvət edir. Gəlin sürət və rəqabətin həyəcanını yaşamaqla yanaşı, planetimizin gələcəyini qorumaq üçün birlikdə addım ataq. Sürət və təbiət sevgisinin harmoniya içində yaşadığı daha yaşıl bir dünya üçün birgə irəliləyək.

Həmin kateqoriyadan