Formula-1 ilə bağlı infrastrukturun hazırlanmasına gələn ilin martında başlanılacaq

Mötəbər beynəlxalq yarışların və tədbirlərin keçirildiyi məkana çevrilən Azərbaycan cari ilin iyununda formula-1 Avropa qran-prisinə yüksək səviyyədə ev sahibliyi edərək, yenidən dünyanın diqqətini özünə cəlb edib. Allsport.az saytı xəbər verir ki, Şərq və Qərb mədəniyyətini özündə birləşdirən Bakı, bu dəfə yüksək sürət və həyəcanı ilə paytaxt sakinlərinin və qonaqların zövqünü oxşamağı bacarıb. 2017-ci ildə ölkəmizdə 2-ci dəfə təşkil olunacaq mükafat yarışına hazırlıq işlərinə artıq start verilib. Dekabrın 1-dən biletlər satışa çıxarılacaq.

Ötən il Bakının küçələrində, trasın keçdiyi ərazilərdə təmir işləri aparılmışdı. Bunun da əsas məqsədi şəhərin formula-1 trasına çevrilməsi idi. Asfalt qatı, tribunalar və təhlükəsizlik baryerlərinin quraşdırılması müəyyən vaxt tələb edirdi. Növbəti mövsümdə bu işlər daha az görüləcək. Tribunalar, beton bloklar və təhlükəsizlik baryerləri artıq təşkilatçıların ixtiyarındadır.

Lazım olan vaxtda onlar anbarlardan götürülərək quraşdırılacaq. Qarajların yerləşdiyi pit-binası isə yarışdan sonra sökülməyib. Asfalt qatı beynəlxalq standartlara cavab verdiyi üçün yenilənməyəcək. Sadəcə, qənbər daşları olan küçədə yeni asfalt qatı salınacaq. Digər işlər qısa vaxt tələb edəcək. Ümumilikdə, infrastrukturun hazırlanmasına gələn ilin martında başlanılacaq.

Həmin kateqoriyadan