Formula1 marşalları üçün təlimlərə başlanılıb

Aprelin 27-29-da Bakıda Formula1 üzrə Azərbaycan qran-prisi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışın təşkilində əvəzsiz rolu olan marşalların hazırlığı hər il olduğu kimi, Bakı Şəhər Halqası əməliyyat şirkətinin və Bakı Marşal Klubunun qarşısında duran ən ümdə məsələlərdəndir. Məhz bu istiqamətdə onların bacarıq və təcrübələrinin artırılmasına əsaslanan tədbir və təlimlərin təşkilinə start verilib.

Ənənəvi hər il yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar Fövqəladə Hallar Nazirliyinin göstərdiyi qayğı və dəstəyin nəticəsində aprelin ilk günlərinə təsadüf edən təlimlərdə iştirak edirlər. Nazirlik artıq bir neçə ildir yüksək səviyyəli mütəxəssislər tərəfindən tədris olunan təlimlərlə yanaşı, yarışlar zamanı təhlükəsizlik və xilasetmə tədbirlərinin təmin olunmasında da çox mühüm rol oynayır. Fövqəladə Hallar Nazirliyinin Akademiyasında baş tutan üçgünlük təlimlərdə, ümumilikdə 180 marşal nəzəri və praktik hissələrdən ibarət təlimlərdə iştirak edir.

Azərtac.az-n məlumatına görə, aprelin 2-də akademiyanın xüsusi ixtisaslı təlim tədris heyəti iştirakçılara yanğın təhlükəsizliyi haqqında biliklərin aşılanması, yanğının qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində bacarıqların möhkəmlənməsinə dair təqdimatlarla çıxış ediblər. Bundan əlavə, həmin sahələr üzrə istifadəsi vacib olan səciyyəvi texnika və avadanlıqla davranış və lazımi anlarda tətbiq qaydalarının əsasları təlim iştirakçılarına əyani vasitələrlə çatdırılıb. Beləliklə, marşallar nəzəri hissələrdə əldə etdikləri bilikləri təlimin praktiki hissəsində də tətbiq etmək imkanı qazanıblar.

Həmin kateqoriyadan