Formula1 Şirvan çempionatının qalibi bilinib

Bakı Şəhər Halqası əməliyyat şirkəti ilə Avtomobil federasiyasının birgə təşkilatçılığı əsasında regionlarda avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı ilə keçirilən simulyatorda Formula1 çempionatının Şirvan yarışının qalibi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, gərgin rəqabətdə 18 saylı tam orta məktəbinin 9-cu sinif şagirdi Gülağa Abdullayev Bakı Şəhər Halqasını 1 dəqiqə 50 saniyəyə (1:50:106) dövrə vuraraq iştirakçılar arasında ən sürətli nəticə əldə edib.

Şirvanda təşkil olunan ikigünlük tədbirin ilk günündə – fevralın 22-də F1 simulyatorları şəhər sakinlərinin xidmətində olub. Həmçinin həmin gün şəhər məktəblərinin yuxarı sinif şagirdləri yol hərəkətinin təhlükəsizliyi qaydaları haqqında AAF-ın mütəxəssisləri tərəfindən keçirilən seminarlarda iştirak edərək müvafiq sertifikat əldə ediblər.

Çempionatla əlaqədar növbəti yarış Füzuli rayonunda keçiriləcək. Fevralın 28-də F1 simulyatorları rayon sakinlərinin istifadəsinə veriləcək və eyni anda yuxarı sinif şagirdlərinə AAF-ın mütəxəssisləri tərəfindən təlimlər veriləcək, martın 1-də isə təlimdə iştirak etmiş şagirdlər arasında yarış baş tutacaq. Çempionatın digər yarışları isə martın əvvəllərində ardıcıllıqla Mingəçevir, Qax və Qubada keçiriləcək.

Həmin kateqoriyadan