Fritz Stuxlik: Araşdırma başa çatana qədər hakim Orxan Məmmədov təyinat almayacaq

Topaz premyer liqasının 9-cu turunda baş hakim Orxan Məmmədovun idarəçiliyi ilə keçirilən “Sumqayıt” – “Qəbələ” oyunundan sonra müxtəlif mənbələrdə səsləndirilən ayrı-ayrı fikirlərlə bağlı AFFA-nın hakimlər departamentinin  sədri Fritz Stuxlik açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, duruma belə aydınlıq gətirib:

“Təbii ki, hər turun oyunları diqqət mərkəzində saxlanılır, oyunlardan sonra müvafiq təhlillər aparılır. Son günlərin müzakirə mövzusuna çevrilmiş “Sumqayıt” – “Qəbələ” oyununda hakim idarəçiliyi də bu baxımdan istisna deyil. Həmçinin oyundan sonra səsləndirilən bəzi fikirlərlə tanışıq. Hakimlər komitəsi bir müddət əvvəl bütün hakimlərə, hakim-inspektor və AFFA nümayəndələrinə yazılı şəkildə bildirib ki, oyun dövrü istisna olunmaqla, klub nümayəndələri ilə hər hansı şəkildə ünsiyyət qurulmamalıdı.

Zərurət yaranarsa, hakimlər komitəsi tərəfindən mərkəzləşdirilmiş qaydada elektron poçt vasitəsilə əlaqə saxlanılmalı, klub rəsmiləri ilə telefon danışığı da olmamalıdı. Müzakirə mövzusu olan məsələ ilə bağlı Hakimlər Komitəsinə bu günə qədər klub tərəfindən rəsmi müraciət daxil olmasa da, komitə bu məsələnin araşdırılmasına başlayıb. Araşdırma başa çatana qədər “Sumqayıt” – “Qəbələ” oyununun baş hakimi Orxan Məmmədov təyinat almayacaq.

Bir daha qeyd edirəm ki, hakimlər, hakim-inspektorlar və AFFA nümayəndələri təkcə təyinat aldıqları oyunlarda deyil, digər vaxtlarda da peşələrinin tələb etdiyi məsələlərə həssas yanaşmalı, açıqlamalarında, səsləndirdikləri fikirlərdə diqqətli olmalıdılar”.

Həmin kateqoriyadan