Futbolçuların valideynləri ilə 4-cü görüş: “Neftçi”də

Bu gün “Neftçi”nin inzibati binasında klubun U-17 komandasında çıxış edən futbolçuların valideynləri ilə görüş keçirilib. Allsport.az xəbər verir ki, görüşdə “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov, idman direktoru Vəli Qasımov, eləcə də klub tərəfindən dəvət olunmuş AFFA-nın texniki direktoru Bernhard Lippert iştirak ediblər.

Görüş zamanı valideynlərə “Neftçi””nin inkişaf strategiyası haqqında məlumat verilib və futbolçuların fərdi, eləcə də komanda halında inkişaf perspektivləri dəyərləndirilib. Klub rəsmiləri valideynlərə elektron təqdimat şəklində “Neftçi” Futbol Akademiyasının fəaliyyət proqramını nümayiş etdiriblər. Tədbirdə futbolçuların qarşılaşdıqları problemlərlə maraqlanan klub nümayəndələri, futbolçuların idmanda olduğu kimi, təhsil sahəsində də yaxşı mənada fərqlənməsinin önəmli olduğunu vurğulayıblar. Bununla yanaşı qeyd olunub ki, futbolçunun şəxsiyyət olaraq hərtərəfli inkişafı onun peşəkar karyerasında həlledici rola malikdir.

Gələn il U-17 Avropa Çempionatının final mərhələsinin Azərbaycanda keçiriləcəyini xatırladan Bernhard Lippert, məhz bu yaş dövründən etibarən futbolçuların beynəlxalq arenada daha çox diqqət mərkəzinə düşdüyünü qeyd edib. Sonra futbolçuların valideynləri ilə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, bu, “Neftçi”nin inzibati binasında futbolçuların valideynləri ilə baş tutmuş sayca 4-cü görüşdür. Buna qədər isə U-10, U-11 və U-12 komandalarında forma geyinən futbolçuların valideynləri ilə görüşlər təşkil olunmuşdu.

Həmin kateqoriyadan