LAYİHƏ
Futbolumuzun «qızıl il»i – «bürünc 1966»

«Neftçi »nin SSRİ dönəmində «qızıl il»i 1966-cı ilə təsadüf edib. Bakılılar gənc mütəxəssis Əhməd Ələsgərovun rəhbərliyi ilə çempionatın bürünc medalını qazanıblar. Həmin mövsümdə 36 oyunluq marafonu major notlarla bitirən «Neftyanik» tarixində ilk dəfə o zamanlar üçün «kiçik Avropa çempionatı» kimi dəyərləndirilən SSRİ çempionatında 3-cü yeri tutur.
Komandanın mövsümə tam hazırlıqlı gəlməsində baş məşqçi Vasili Sokolovun xidmətini danmaq, elə futbolun özünü danmaq olardı. Eyni zamanda, mövsümlərarası dövrdə «yığılan enerji»ni çempionat boyu bacarıqla, ölçülü-biçili şəkildə xərcləmək də xüsusi bacarıq tələb edir ki, bu mənada da, rəqabətin 13 hissəsində «Neftyanik»ə rəhbərlik etmiş Əhməd Ələsgərovun əməyi böyükdür; məşqçi Valentin Xlıstovu da unutmaq olmaz.
Heyətə gəlincə, əsas futbolçuların hamısı yerindədir, üstəlik Daşkəndin «Paxtakor» klubundan hücumçu Sergey Melkumov, axırıncı bir ili «Şinçi»də («Şinnik», Yaroslavl) çıxış etmiş yerli futbol məktəbinin yetirməsi Vitali Xluçin, Bakının «Dinamo» komandasından müdafiəçilər Rafiq Bağırov, Ravil Batrayev, eləcə də Nadir Eynullayev, Gəncə «dinamoçu»su, hücumçu Mübariz Zeynalov da «Neftyanik»ə dəvət olundular.

Güclülər dəstəsini, əvvəlcədən planlaşdırıldığı kimi, aprelin 17-də deyil, bir həftə tez başlamaq barədə SSRİ Futbol Federasiyasının qərarı hazırlıq planını alt-üst etsə də, məşqçilər çalışdılar ki, bu maneəni minimum itki ilə dəf eləsinlər. Hazırlığın həlledici mərhələsi Kislovodskda keçirildi: 20 gün sürən təlim-məşq toplanışında əsas diqqət fiziki hazırlığa, futbolçularda sürət və dözümlüyün artırılmasına yönəldildi, habelə gənclər sınaqdan çıxarıldı. Yekunda hücum və müdafiə xəttindən razı qalan məşqçilər, yarımmüdafiədə problemlər olduğunu bildirdilər ki, mövsümün startı ərəfəsində Bakıda təşkil edilən son məşqlərdə də məhz bu çatışmazlığın aradan qaldırılması üzərində işlədilər. Yeni futbol mövsümünün ilk rəsmi matçı ərəfəsində isə «Neftyanik» Bakıda 2 yoxlama görüşü keçirdi: beynəlxalq dərəcəli hakim Tofiq Bəhramovun idarə etdiyi Rostovun OİK komandası ilə oyunun nəticəsi sevindirici oldu – 4:1, SSRİ kubokunun sahibi Moskvanın «Spartak» klubu ilə matç isə 1:1 hesabı ilə başa çatdı. Onda kimin ağlına gələrdi ki, mövsümün bürünc medalının taleyi də sonuncu turda məhz bu komandalar arasında görüşdə müəyyənləşəcək.

Baş məşqçi Vasili Sokolov «Azərbaycan bədən tərbiyəçisi» qəzetinə verdiyi müsahibədə müxbirin «Yeni mövsümdə «Neftyanik» hansı oyun variantından istifadə edəcək?» sualını belə cavablandırır: «Biz ilk dəfə 1958-ci ildə braziliyalıların nümayiş etdirdiyi 4-2-4 variantından istifadə edəcəyik. Amma şəraitdən asılı olaraq 4-3-3 variantını da tətbiq edə bilərik». Beləliklə, aprelin 10-da 19 komandanın iştirakı ilə 28-ci SSRİ çempionatı başlayır. «Neftyanik» «A» qrupunun güclülər dəstəsində 9-cu mövsümünü keçirir. İlk oyunda Minskin «Dinamo» komandasını qəbul edən bakılılar heç-heçə ilə kifayətləndilər – 0:0. Ümumiyyətlə, «Neftyanik» 8 turdan sonra məğlubiyyətə uğramayan 4 kollektivdən biri idi, ancaq Leninqrad, Alma-Ata və Daşkənd səfərindən xalsız döndü. Komandamız səfərdən daha bir dəfə əliboş qayıtdı: 14-cü turda Tiflisdə, ardınca İrəvanda uduzdu. Məhz qonşu respublikaların komandalarına məğlubiyyətdən sonra baş məşqçi Vasili Sokolov istefa ərizəsi yazmadan postundan getdi və 16-cı turdan etibarən «Neftyanik» oyunlara Əhməd Ələsgərovun rəhbərliyi ilə çıxdı.

Komandamız ilk dövrəni 7-ci pillədə bitirdi və ikinci dövrəyə Moskvada «Dinamo»ya məğlubiyyətlə başladı, amma bir sıra mühüm matçlarda qələbə qazanmaqla yekunda mükafatçılar sırasına yüksəldi. Azərbaycan futbolçuları tarixində ilk dəfə Tiflis «Dinamo»suna qalib gəlib, Kiyev «dinamoçular»ını Ukrayna paytaxtında, SSRİ çempionu «Torpedo»nu Moskvada məğlub etdi və sonda Rostovun OİK kollektivindən cəmi 2 xal az toplayaraq 3-cü oldular. Halbuki, «Neftçi» OİK-ə həm Bakıda (4:1), həm də Rostovda (3:1) qalib gəlmişdi.

«Spartak»la sonuncu tur qarşılaşmasının vaxtı qəflətən dəyişdirildiyinə görə, təşkilatçılar Bakı küçələrini bir-bir gəzərək, səsgücləndiricilər vasitəsilə paytaxt sakinlərini, qonaqları, ilk növbədə isə futbol azarkeşlərini dəyişiklikdən xəbərdar edirdilər. Bu işin təşəbbüsçüsü, təşkilatçısı və icraçısı komandanın rəisi Şövkət Orduxanov olub.
Matça tamaşaçı marağının nə qədər böyük olduğunu xüsusi qeyd eləməyə lüzum yoxdur: matç Azərbaycan televiziyası ilə birbaşa yayımlanır, eyni zamanda Gürcüstan və Ermənistana da translyasiya edilirdi. Rəqibindən bir xal irəlidə olan bakılıları heç-heçə də qane etdiyi halda, bürünc medalı qazanmaqdan ötrü moskvalılar mütləq qələbə qazanmalıydılar. Amma elə ilk dəqiqələrdən sürətli, hücum futbolu nümayiş etdirən «Neftyanik»in təzyiqinə davam gətirə bilməyən «Spartak» 18 və 22-ci dəqiqələrdə Banişevskinin zərbələri qarşısında aciz qaldı, 61-ci dəqiqədə isə «Neftyanik» daha bir top vurdu, Eduard Markarov fərqləndi – 3:0 və üçüncü yer! «Neftyanik»in bu zəfəri sözləri Şahin Hüseynə, musiqisi isə Rəşid Şəfəqə aid olan «Adın düşdü dildən-dilə» adlı mahnıda əksini tapmışdı.

«Neftçi » sovet millisinə də az tövhə verməyib. Bu komandanın yetirmələri və futbolçuları müxtəlif illərdə yığmanın şərəfini qoruyub. 1948-1953-cü illərdə «ağ-qaralar»da çıxış edən Ələkbər Məmmədov sonra, Moskva «Dinamo»una keçib. Onun 1955-ci ildə «San Siro» stadionunda İtaliyanın «Milan» klubuna 4 qol vurması indi də fərəhlə anlılır.
Bakılıların heyətində dərin iz qoyan Anatoli Banişevski futbol tariximizin fəxridir. 1966-cı ildə İngiltərədə keçirilən Dünya Kubokunda iştirak edən hücumçu, 1968 və 1972-ci illərdə Avropa çempionatlarına qatılıb. O, adı son çəkilən yarışda gümüş mükafat qazanıb. Banya SSRİ yığmasının heyətində 50 oyun keçirib, 19 dəfə fərqlənib. Dumanlı Albionda təşkil olunan dünya çempionatında «Neftçi»nin digər üzvü Eduard Markarov da iştirak edib. O, Çili millisi ilə oyunda meydanda olub. 1962-ci ildə SSRİ yüksək liqasının ən sərrast futbolçusu sayılıb – 16 qol.

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

Həmin kateqoriyadan