- Baxış sayı: 278
- 02 Oktyabr 2024 15:15
- Baxış sayı: 285
- Dekabr 02, 2024
- 0
Bəxtiyar Məmmədov | batyyar@mail.ru
Azərbaycan futbolunun baş qərargahında günün aktual məsələləri sırasında məvacib daha önə çəkildi. AFFA-nın saytında deyilib ki, qurumun Klublar Komitəsinin fevralın 3-də və 13-də keçirilmiş iclaslarında yeniyetmə və gənc futbolçuların məvaciblərinə limit tətbiq olunması müzakirə edilib. Komitənin müraciətinə əsasən, bu məsələ AFFA-nın İcraiyyə Komitəsinin martın 6-da keçiriləcən iclasında müzakirəyə çıxarılıldı. «Boz ev» də, yerində saymayaraq, dərhal işini-gücünü atıb, indiki vəziyyətdə heç kimə gərəkli olmayan beynəlxalq təcrübəni araşdırıb, təqdimat hazırlayıb. Bu absurd təqdimatla nəyin həll olunacağı isə nə sənədin özündə, nə də bunu istəyən klublar komitəsinin hər hansı bəyanatında yer alıb. Belə məlum olur ki, klublar futbolçulara özlərinin təyin etdikləri məvacibdən narazıdırlar. Məgər bunu hər hansı konsessusla həll edə bilmirlər ki, məsələni AFFA-nın yüksək tribunasına dartıb gətirirlər? Hələ, bu az imiş kimi, dərhal futbol bilicisi sayılan mütəxəssislərin rəyi də hazırlanır. Onlardan qocaman biri deyir ki, bununla gənc futbolçuların ölkə xaricinə üz tutmasına köməyə şərait yaradılacaq. Bu fikirlər futbol mütəxəssislərimizin və ya buna iddialı olanların dünya futbol ticarəti biznesindən bixəbərsiz olduqlarını göstərir. Amma gəlin məsələlərə birbəbir baxaq.
Əvvəlcə AFFA-nın təqdimatına nəzər salaq. Göstərilən ölkələrdə həmin idman növləri, həmin liqalar və klubların gəlirləri, onların məşhurluğu və azarkeş əhatəsi barədə, görəsən, həmin məlumatları hazırlayanların xəbəri varmı? O liqalarda bu hədlərin müəyyən edilməsinin kökündə hansı səbəblər dayandığından məlumatları varmı? Bilsəydilər, yəqin ki, meydana minlərlə, yüzlərlə deyil, onlarla azarkeşi toplamağı bacarmayan bir idman növündə vəziyyətin bu həddə gəlib çatmasının, ya uçuruma yuvarlanmasının səbəbini də dərhal anlayardılar. Sən demə, Azərbaycan çempionatı o qədər gəlir gətirən müəssisədir ki, cahanda səviyyəli gənc futbolçu qalmayıb və hamısını ətrafına toplayaraq, yerli futbolçuların inkişafının qarşısını alıb. Halbuki məsələnin kökü heç də bunda deyil. Gənc futbolçunu ölkə xaricinə itələyən məşqçilər onların sonrakı aqibəti ilə, deyəsən, heç maraqlanmaq fikrində deyillər. Hələ uşaq futbolunun inkişafını stimullaşdırmayan, uşaq məşqçilərinə yol aça bilməyən, futbol menecmentinin, normal klub futbolu sisteminin yüksəlməsinə nail ola bilməyən AFFA-nın dərdləri qurtarıbmış kimi, gənc və perspektivli idmançıların məvacibinə əl atmaqla nəyəsə nail olacağını düşünür. Futbol menecmenti deyəndə, uşaqlarımızın ölkə xaricindəki taleyindən söz açanda, bunu Türkiyənin birinci dəstəsi və ya superliqası ilə qarşılaşdırmayın. Hətta bu liqalarda belə, onları klublara calayanlar “futbolçularımızın maraqlarını, hüquqlarını necə qoruyurlar?”, “arxasında necə dayanırlar?” və s. kimi aktual suallar bu günün futbolu üçün adi məsələ deyil. Bu gün AFFA istəsə, milli komandanın Almaniyada, Avstriyada, nə bilim, daha hansı ölkədə təşkil etdiyi günlərlə keçən təlim-məşqlərinin pullarına bu işi lazımınca qura bilər. Gənc futbolçu arxasında ona yiyə duracaq bir təşkilatı görərsə, daha böyük həvəslə Avropaya da üz tutar, hələ bir çoxu pullun, adlı-sanlı futbolçuların təmasını hiss etdikdən sonra, onlardan əskik olamadıqlarını hiss edib, bir az da ruhlanar. İndi ölkə xaricinə getmək istəyən bir futbolçu orada nə ilə qarşılaşacağını dəqiq bilmirsə, münasibəti təyin edə bilmirsə, buradakı keyfi üstün tutacaq. Necə deyərlər, nağdı qoyub, nisyə ardınca qaçmayacaq. Ölkə xarici isə bəzi futbolçulara, sadəcə, bir müddətlik lazımdır ki, qayıdıb məvacibini bir az da artıra bilsin. Bunu təşkil edənlər isə bu gün futbolumuzun hər sahəsində və hər yerindədirlər. Hələ başqa məqamlar da var. məsələn, haqqında hələlik söz açmayacağım, istedadlı adlandırılan yeniyetmələrin xarici məşhur klublarda təcrübə keçməsi.
Söhbət məvacib həddindən gedirsə, bunu bütün futbolçulara tətbiq etmək lazımdır. Axı, bir günün şöhrəti ilə futboçluların cızığından çıxmasının səbəblərindən biri də məhz budur. Özündən qat-qat zəifin meydanda at oynatdığını görən gənc də, elə dövrün ruhuna uyğun olaraq, təhsilini, savadını artırmaqdansa, asan qazancı seçəcək və bir-iki atılmlıq barıtını buna sərf edərək, tezliklə işbaz menecerlərdən birinin köməyi ilə ildən-ilə klub dəyişməklə, hərdən bir milli komandada görünməklə “atanın iki oğlu”ndən də utanıb-çəkinmədən bildiyini edəcək.
Amma sualların başqa həlli yolu da var: şəffaflıq, özü də bütün mənalarında şəffaflıq. Məncə, bu kəlmə qalan bütün sualları da, yerindəcə, çözəcək. Məvacib-maaş, mükafat həddindən asılı olmayaraq, belə problemlərlə nə özümüzü, nə futbolu, nə də sabahımızı aldatmayaq, gəlin, ciddi addımlar ataq.
P.S. Təkcə AFFA-nın təqdim etdiyi həmin araşdırmasının sonuncu materialına diqqət etmək yetər ki, gənclərin hansı şəraitdə və necə yetişdiyini əyani, görəsən. Gəncin hansı klubdan və hansı heyətdən hansına keçdiyinə, niyə belə olduğuna nəzər salın. Bu cədvəli hazırlayanlar gərək, heç olmasa, onların ilk məşqçilərinin adlarını bura yazaydılar. Axı, bu daha vacibdir. Amma bu məsələni də şişirtməyə dəyməz. Çünki gənclər təzyiq altında sabahdan ilk məşqçilərini də danmağa başlaya bilərlər.