- Baxış sayı: 97
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Yeni minillik, yeni yüzillik, yeni dönəm Azərbaycana, beləcə, yeni üfüqlərlə başladı. Ötən dövrdə böyük zəhmət və səylə əldə olunan əlaqələr, işgüzarlıq uğurlarını daha vacib tədbirlərlə yüksəklərə qaldırmaq mərhələsi başlayırdı. Yeni gənclər və idman naziri Fərid Qayıbovun qarşısında böyük vəzifə dayanırdı. Artıq dərinləşmiş bir prosesin də təməl daşlarını qoymaq lazım idi. Radikal dəyişikliklər – yeni tipli idmançıların yetişdirilməsi, onların hazırlıq sisteminin moderləşdirilməsi, forma və mahiyyətin yeni keyfiyyət meyarlarının müəyyənləşdirilməsi, təşkilat-struktur və s. baza anlayışları yeni yanaşma tələb edirdi. İdarəetmədə, elmi-metodiki yanaşmada, daxili və beynəlxalq səviyyədə yeni münasibətlərin qurulmasında, mexanizmlərin işlək vəziyyətə gətirilməsində dərin özül islahatların gündəmə gətirilməsi zamanı çatmışdı.
Doğru istiqamət, düzgün hədəf
İnkişafın xüsusiyyətlərindən ən vacibləri peşəkarlıq və keyfiyyətdirsə, demokratik təsisatlar ondan da vacibdir. Həm də nə qədər yüksək statusla aparıcı rolda olsa da, idman dövlətin siyasətinin ana xəttinin yalnız bir qanadıdır və əsas məqsədi əhalinin sağlamlığıdır. Demək, gənc dövlətdə idmanın bütün sahələrinin təşəkkül tapıb inkişaf etməsinin, təşkilatlanmasının və yüksəlməsinin meyarı ola biləcək istiqamət də olmalıdır. Ən vacibi, ümumbəşəri dəyərlərin müəyyən edilib, milli status alması və genişləndirilməsidir. Bunun ən doğru vasitəsi isə olimpizm idealları, olimpiya hərəkatıdır. Hansı ki, dərin gerçək tarixi qaynağı Odlar yurduna bağlanır.
Gənc nazir sələflərindən fərqli olaraq, iş başına keçəndən qısa müddət sonra köklü islahatlara başladı. Onun təşəbbüsü ilə olimpiya idman növləri üzrə federasiyaların rəhbərliyində dəyişikliklər oldu. Bütün proses gənclər və idman nazirliyində baş verdi. Bu, GİN-in çəkisinin artmasına, idman təşkilatlarının vahid mərkəzə tabe olmasına və oradan idarə olunacağına bir işarə idi. Hər rübdə olimpiya idman növləri federasiyalarla görüş, onlardan hesabat istənilməsi, Fərid Qayıbovun iddiasından xəbər verirdi. O da sələfləri Əbülfəs Qarayev və rəhmətlik Azad Rəhimov kimi olimpiya oyunlarını minimum 2 qızılla başa vurmağı hədəfləmişdi.
Qeyri-olimpiya növlərində də birləşmə istiqamətində işlər görüldü. Artıq nazirliyin əsas qayəsinə çevrilən “İdman həftə”si bədən tərbiyəsinin inkişafına və kütləviliyin artmasına xidmət edir. GİN-in daxilində kadr islahatları müəyyən haqlı-haqsız narazılıqlar yaratsa da, sonradan hamı durumla barışdı. O insanlar da bu uğurun bir parçası olmaq niyyətindəydilər və özlərini idmansız təsəvvür etmirdilər.
Allsport.az saytı da bəzi məsələlərə həssas yanaşdı. Amma olimpiya ilində “Dəmir yumruq” altında birləşib təbliğatda öz tövhəsini verməkdə davam etdi.
Nazirin federasiyalarda tüğyan edən legionçuluğa qarşı mübarizə aparmasına, mükafatların birdən deyil, mərhələli şəkildə verilməsinə qarşı çıxanlar çox olsa da, zaman göstərdi ki, o bunu gələcəyə hesablayaraq atıb. Hərtərəfli əməli işgüzar münasibətlər, sağlam və inandırıcı mühitin formalaşması, yerli məşqçilərə güvən, tək gələcək deyil, həm də bu gün baxımından atılacaq addımların daha sistemli və səmərəli olmasına xüsusi təkan verə bilər.
Adını tarixə yazdı
Fərid Qayıbovun təqdir olunan əsas işindən biri, federasiyalarla və idman qurğuları ilə birbaşa maraqlanması, əldən çıxan maddi-texniki bazanın yenidən istiqamət üzrə fəaliyyətə başlaması oldu. Əslində, özü çoxdandır idmanın içindəydi, əksəriyyəti ilə əyani tanış idi. Ancaq durumla yerində tanış olmaq, öz gözü ilə olanları seyr etmək, təhlil üçün şərait yaradır, çıxış yoluna çevik zəmin hazırlayırdı. “Azəryol” təlim-məşq mərkəzi voleybolçuların, “ABU arena” isə həndbolçuların üzünə bağlanmışdı. Hər 2 baza bankların girova çevrilmişdi. Onun müdaxiləsindən sonra adı ilk çəkilən qurğu GİN-in təlim-məşq mərkəzi olaraq AVF-yə, digəri “AHF arena” kimi əl topu ustalarının ixtiyarına verildi.
Güləş olimpiya mərkəzi də təhlükə ilə üz-üzə idi. Gənc nazir o məsələni də yoluna qoydu. Fərid Qayıbovun təşəbbüsü ilə yeniyetmə-gənclərin 3-cü MDB oyunları çərçivəsində GİN-in nəzdində olan Gəncə stadionu yenidən qurulur. Yaxın gələcəkdə “Kəpəz” futbol klubu öz ev oyunlarını bu arenada keçirəcək. Cüdo millsi Bakı olimpiya stadionunda məşq keçirdi. Onların şəraitinin daha yaxşılaşdırılması üçün, nazirliyin nəzdində olan Olimpiya növləri üzrə milli komandaların təlim-məşq mərkəzi əsaslı təmir olundu və tatami ustalarının ixtiyarına verildi.
Heydər Əliyev adına idman kompleksi SSRİ-dönəmində ümummilli liderin təklifi ilə inşa edilib. Bu nəhəng idman qurğusu buzüstü xokkey üçün nəzərdə tutulmuşdu. Amma müstəqilliyin ilk illərində 1-ci Qarabağ savaşından dolayı, vəziyyətin çətin olması üzündən, istiqamət üzrə fəaliyyət göstərmədi. Məhz onun sayəsində uzun illər sonra arena öz buz təbəqəsinə qovuşdu. 2024-cü ildə yaradılan “Baku Flames” xokkey klubu Tatarıstanın paytaxtı Qazanda, İslam ölkələri arasında “Orksis kuboku”nda uğurlu çıxış edib.
İlk və yeganə
Zaman amansızdır və onun hər anının öz hökmü var. Onu yaşatmağa cəhd göstərən tarixsə, bütün elmlərin ən subyektividir. Çünki zamandan savayı, hər bir hadisə, həm də onu tarixə həkk edənin “rəngkarlıq”ının, onun dünyagörüşünün, maraqlarının, prizmasının süzgəcindən keçir. Hər şeyə rəğmən, keçmiş yaşayır, yaşadır…
Cəmiyyətin ab-havasını, onu inkişafda, olduğu kimi bütün çaları, rəngləri ilə bizə çatdıra biləcək idman tarixi hadisələrdən söhbət gedərsə, yəqin ki, Fərid Qayıbovun Avropa Gimnastikasının prezidenti olması ön planda gələr. Çünki o, olimpiya idman növlərində ali beynəlxalq quruma rəhbərlik edən (2017) ilk və hələlik yeganə azərbaycanlıdır.
Bu dəfə qalib ölkə kimi
Olimpiya hərəkatının şah əsəri, onun zirvəsi və xidmət etdiyi əsas amalların təzahürü olimpiya oyunlarıdır. Əzəmət və möhtəşəmliyinə görə dünyanın 7 möcüzəsindən bu günə gəlib çatmış yeganə nümunəsi – Misir ehramları ilə həyatda çətin ki, nəyisə müqayisə etmək olsun. Amma onlar, sadəcə, tarixin quru daş yaddaşı, yadigarıdır. Dövrün ab-havasını, onun hərəkət və inkişaf xəttini bütün çalarları, cizgiləri, rəngləri ilə bizə çatdıra biləcək canlı hadisələrdən söz düşərsə, yəqin ki, olimpiya hərəkatı və özəlliklə də olimpiya oyunları ilə çətin nəyisə müqayisə etmək olsun.
Fərid Qayıbovun rəhbərliyi ilə Paris-2024-ə hazırlıq böyük təşkilati vüsət içərisində keçdi. Qayğı və diqqəti ən adi, xırda tələblərdə belə hiss edən idmançıda ruh yüksəkliyi, gələcəyə inam yaranmaya bilməzdi. Bu isə təbii ki, məsuliyyət hissi oyadır, onu Vətənə şərəflə xidmətə, mübarizəyə, qələbəyə kökləyir. Əsrlər boyu tarixi hadisələrin məkanı olmuş Azərbaycan üçün bu sınaq digərlərindən fərqlənirdi. 1991-ci ildən başlayaraq beynəlxalq arenaya çıxan və suverenliyi, ərazi bütövlüyü tanınan məmləkətimiz yeni kurs götürməli, imtahanlar verməli, çətinliklərə sinə gərməli oldu.
Tarixən ən mürəkkəb geosiyasi platformada yerləşən Odlar yurdu bu dövrdən həm özü dəyişməli – həyatını, yaşam tərzini, baxışlarıni yeni qaydalara kökləməli, siyasi və sosial institutlarını formalaşdırıb şaxəli və çoxfunksiyalı əlaqələrin mürəkkəb şəbəkəsinə daxil olmalı, həm də bunun real, obyektiv cizgiləri olan effektli həlli yollarını tapmalı; digər yandan həm dünyəvi dövlətlər sisteminə çıxıb özünü təsdiqləməli, yerini tutmalı, sözünü deməli, yeni münasibətlər tərzini qurmalı, hüquq və maraqlarını qorumalı, bir sözlə, tarixi təcrübəsinə söykənib yalnız özünəməxsus yolla getməli idi.
Vaxt-vədə yetişdi, 2020-ci ildə rəşadətli Azərbaycan ordusu müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə, sələfləri milli azadlıq hərəkatının öncülü Əbülfəz Elçibəyin və müdrik siyasətçi, güclü dövlətçi Heydər Əlyevin başlatdığı işi uğurla sona çatdırdı. 44-günlük 2-ci Vətən savaşında düşmən kapitulyasiya bəyannaməsinə qol çəkməli oldu. 3 il sonra Azərbaycan hərbçiləri qalib prezident İlham Əliyevin başçılığı ilə 1-günlük antiterror əməliyyatı nəticəsində 86.6 min kvadrat kilometrlik ərazisində suverenliyini tam bərpa etdi. Artıq ulu öndər Məhəmmədəmin Rəsulzadənin və digər qurucu babalarımızın ruhları da rahat dincələ bilərdi.
Bəli, Azərbaycan ilk dəfə Fransaya qalib ölkə olaraq yollanırdı. O Fransaya ki, daim düşmənə – Ərmənlərdə yaşayan soysuzlara dəstək vermiş, beynəlxalq arenada bizə təzyiq göstərməyə çalışmış, tarix boyu müstəmləkəçi olmuşdur. Üstəlik, olipmizm idealları ümumbəşəri mahiyyəti ilə mütərəqqi düşüncə tərzinin, təfəkkürünün, eləcə də milli-mədəni, sosial-ictimai baxışları birləşdirir. Hər 4 ildən bir keçirilən oyunlar özündə dünyanın müxtəlif regionundakı hadisələrin annotativ təhlili və hesabatıdır. O, cəmiyyətimizdə baş verənlərin inikası, zamanın sülh nəbzidir. Özünütəsdiq üçün Paris-2024-də ən azı 1 dəfə Azərbaycan himni səslənməliydi. Fərəhlidir ki, olimpiyaçılarımız nəinki bunu bacardılar, hətta artığını etdilər. Avropanın siyasi-mədəni mərkəzində 4 final həyacanı yaşandı. Bunlardan 2-sində qalib Azərbaycandı! Hər mükafatlandırmadan sonra 1-ci vitse-prezident Mehriban Əliyevanın idmançılara təbrik ünvanlaması qalib xalqın birliyinin göstəricisidir.
2 qızıl, 2 gümüş və 3 bürünc medal ilə Odlar yurdu ümumi sıralamada 206 iştirakçı arasında 30-cu yer tutdu! Bu, indiyədək ən yüksək göstərici idi! Cəmi 84 dövlət medal sevinci yaşaya bildi. Kuba, Qazaxıstan, Argentina, Polşa, İndoneziya, İsrail, Portuqaliya, Meksika, Monqolustan, Ermənistan kimi ölkələr bizdən xeyli geridə qaldı. Müdrik, işgüzar, cəmiyyətə xeyirli, onu yüksəldəcək dövlət siyasətinin ana xətti də bundan ibarət olmalıdır. Axı, idman sülh elçisi, milli-mədəni, sosial-məişət dəyərlərinin daşıyıcılarından biri olmaqla yanaşı, cəmiyyətin saflığının barometri, ölkənin inkişaf səviyyəsinin göstəricisidir. Demək, hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər yüküdür. Bunun nədən ibarət olduğunu 2028-ci ildə Los Anceles oyunlarında görəcəyik.
Kamran HACI