“Gecənin əfsanələri” – “US Legend Cars”, kartinq finalı və drift-şou Bakıda coşqu yaratdı

Paytaxtda həyəcan dolu avtomobil tədbiri – “Əfsanə avtomobilləri” yarışları 3-cü dəfə baş tutdu. Allsport.az saytı xəbər verir ki, “Gecənin əfsanələri” adlı əyləncə Dövlət Bayrağı meydanında keçirildi. Tədbir, Azərbaycan avtomobil federasiyası və Bakı şəhər halqası əməliyyat şirkəti tərəfindən təşkil olundu.

Tədbir çərçivəsində 12–15 yaşlı gənc pilotlar arasında kartinq üzrə çempionatın final mərhələsi də keçirildi. Bu unikal yarış Baku City Karting trekində 12–16 iyul tarixlərində təşkil edilən test yürüşləri ilə başladı və nəticədə 20 ən yaxşı gənc pilot seçildi.

18 iyulda Dövlət Bayrağı meydanında qurulan xüsusi trasda sərbəst yürüşlər və təsnifat mərhələsi keçirildi. Bu gənc pilotlara real yarış atmosferini hiss etməyə imkan verdi. Nəticədə 10 finalçı müəyyən olundu.

19 iyulda keçirilən 15 dövrəlik final yarışı isə əsl avtomobil idmanı bayramına çevrildi. Gərgin və maraqlı mübarizədə qalib Teymur Rəhimov qazandı. Rafiq Kazımlı 2-ci və Ömər Şahmuradlı 3-cü oldu.

Xüsusi hazırlanmış trasda 12 peşəkar sürücü, klassik dizaynla müasir texnologiyanı birləşdirən kompakt avtomobillərlə mübarizə apardı. Gecə yarışı izləyicilərə parlaq və dinamik atmosfer bəxş etdi. 25 dövrəlik gərgin mübarizənin yekununda 1-ci yeri Adil Axundov tutdu. Növbəti pillələrdə müvafiq olaraq Fərid Quliyev və Elvin Xudaverdiyev qərarlaşdı.

Axşam proqramı çərçivəsində baş tutan drift-şou, avtomobil və motosikletlərlə ekstremal tryuklardan ibarət “Stunt Shou”, eləcə də motosiklet şousu qonaqlara unudulmaz emosiyalar və adrenalin yaşatdı. Şounun əsas ulduzları isə dünya üzrə 20-dən çox rekordun sahibi olan britaniyalı avtokaskadyor Terri Qrant, Böyük Britaniyanın çoxqat freestyle çempionu, motokaskadyor Li Bauers və irlandiyalı peşəkar sürüşmə sürücüsü Neyl Qan oldu.

Həmin kateqoriyadan