“Geridönüş edə bildik”

“Kəpəz” premyer liqasının 7-ci turunda Qəbələdə şərti meydan sahibi qismində “Şamaxı”ya 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, oyundan sonra Gəncə klubunun baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransında ilk qələbə ilə bağlı fikrini bölüşüb: “Bu qələbəni şəhidlərimizə və bu günlərdə doğum günü qeyd ediləcək “Xəmsə” fanklubunun yaradıcısı, mərhum Adil Məmmədova həsr edirik.

Son günlərimiz çətin keçir, şəhidlərimiz və qazilərimiz var. Allah səbir versin. Vətənimiz sağ olsun. Arzu edirik ki, daha göz yaşları olmasın. O ki qaldı oyuna, qələbə bizə hava-su kimi lazım idi. Son pillələrdə gedən iki komanda görüşürdü. Oyuna çox ciddi hazırlaşmışdıq. Son 6 turdakı məğlubiyyət psixoloji təzyiq yaratmışdı. Görüşün ilk dəqiqələrində qol buraxsaq da, imkanlarımız oldu.

Geridönüş edə bildik. Uşaqlar çalışır nəyisə ortaya qoya bilsinlər. Mən istədiyim futbol topa daha çox sahib olmaq və rəqibi təzyiq altında saxlamaqdır. Hələ ki, istədiyim futbolu komandadan ala bilmirəm. Oyunun sonlarına doğru güc tükənir. Komanda konsentrasiyanı yavaş-yavaş itirməyə başlayır.

İki həftəyə kollektivi bu səviyyəyə çatdırmışıq. Vaxt lazımdır. Futbolçu axtarışındayıq. Komandada rəqabəti artırmalıyıq. Hər halda bu qələbə “Kəpəz” üçün tramplin olacaq. Getdikcə qarşıda daha baxımlı futbol oynayan, daha istəkli və aqressiv “Kəpəz” görəcəksiniz”.

Həmin kateqoriyadan