FOTO
Güləş federasiyasına yeni prezident seçilib

Dekabrın 8-də gənclər və idman nazirliyində Azərbaycan güləş federasiyasının ümumi yığıncağının növbədənkənar iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantını giriş sözü ilə açan nazir Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. O, güləşin ölkənin ən populyar idman növlərindən biri olduğunu, bu növdə böyük uğurlar qazanıldığını və bu nailiyyətlərin bundan sonra da davam edəcəyinə inandığını bildirib.

Mandat komissiyasının üzvləri və iclasın gündəliyi təsdiq olunduqdan sonra AGF-nin baş katibi Orxan Məmmədov 2018-2021-ci illərdə güləşdə qazanılan nəticələrlə bağlı hesabatı təqdim edib. Sonra səsvermə yolu ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov AGF-yə üzv seçilib. Bundan sonra onun federasiyanın prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb.

Nəticəyə əsasən, o, növbəti 4 il müddətinə AGF-in rəhbəri seçilib. Səsvermə yekunlaşdıqdan sonra yeni prezidenti çıxış edib. Göstərilən etimada görə federasiya üzvlərinə təşəkkür edən Mikayıl Cabbarov güləşin milli idman növü olduğunu, bu sahədə yüksək nəticələr qazanıldığını, bütün çətinliklərə baxmayaraq federasiyanın son 4 ildə uğurla fəaliyyət göstərdiyini qeyd etməklə yanaşı, qarşıdakı 4 ildə güləşin ənənələrinin, kütləviliyinin qorunmasının, uğurları davam etdirməyin vacib olduğunu diqqətə çatdırıb.

Daha sonra Dünya güləş birliyinin büro üzvü Namiq Əliyev vitse-prezident seçilib. O, AGF-nin yeni prezidentini təbrik edib, nəticələrin bundan sonra daha yüksələcəyinə inandığını deyib.

Ardınca MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək güləşin böyük potensiala sahib olduğunu vurğulayıb və federasiyanın prezidentinə və vitse-prezidentinə məsul vəzifədə uğurlar arzulayıb.

Bununla da konfransa yekun vurulub.

Həmin kateqoriyadan