- Baxış sayı: 582
- 14 Yanvar 2026 15:15
- Baxış sayı: 41
- Yanvar 15, 2026
- 0

Ötən ilin sentyabrında Azərbaycan güləş federasiyasında növbəti baş katib dəyişikliyi nəticəsində Nəsimi Musayevi əvəzləyən Pərvin Piriyev bu ildən daşları dəbərtməyə başlayıb. O, Los Anceles-2028-ə 2 il qalmış qəfil addım ataraq 2019-cu ildən yunan-Roma güləş millisini çalışdıran Aleksandr Tarakanovla vidalaşıb. Onu elə həmyaşıdı – iranlı Məhəmməd Bəna əvəzləyib. Hər 2 mütəxəssis 1958-ci il təvəllüdlüdür. Tehranlı məşqçi Azərbaycanda necə peyda oldu? Adətən, belə sövdələşmələr Dünya Güləş Birliyində nüfuzlu şəxslərin tövsiyəsi ilə olur. Qarşı tərəfin sözəbaxanlığı olimpiya oyunlarında qismən nəzərə alınır.
Təzə baş katib beynəlmiləlçiliyə meyillidir, mühafizəkar və müsəlmanyönlü azərbaycanlıları elə də görən gözü yoxdur. Azərbaycan çempionatında KİV-ə verdiyi açıqlamasında etiraf edib ki, bu il eksperiment ili olacaq. Yəni, hər şey sınaqdan keçiriləcək. O üzdən, sabah gülbad, gülfut, gülqıl, gülbas idman növləri yaransa, təəccüblənməyin. Əslindəysə, Pərvin Piriyev “eksperiment” yox, “risk ili” olacaq deməliydi. Çünki olimpiadaya 2 il qalan müddətdə, nəzərə alaq ki, gələn dünya çempionatı Los Anceles-2028-ə birbaşa vəsiqə verəcək, eksperiment etmirlər, bir olimpiya mərhələsi çərçivəsində tərtib olunan proqramla işləyirlər.
Rusiyalı mütəxəssis Paris-2024-dən dərhal sonra yola salınsaydı, yeni təyinat qınanmazdı. Amma risk hər zaman özünü doğrultmur. Açıq-aydın görünür ki, təzə baş katib idman sahəsində təcrübəsizdir. Heç ixtisası buna uyğun gəlmir. Özünü idmanı dərin bilən kimi göstərir, amma tələsir, yanılır və yandırır. Nəsimi Musayevdən nümunə götürsün: uzun müddətdir idmandadır – voleybolda və badmintonda da çalışıb. İnsafən, uğurlu nəticələr də göstərib. Ancaq güləşdə cəmi 3 il baş katib ola bildi. Maşallah olsun, Pərvin Piriyevi də sələfi kimi hər yedə görmək olur: güləşdə, futbolda, basketbolda, badmintonda, qılıncoynatmada…
Təbliğat-təşviqatı (avropasayağıların dilində marketinq) bilmək idmanı bilmək anlamına gəlmir. “Market” sözü bizim dildə “bazar” deməkdir; “inq” şəkilçisi olanda, mal və ya xidmətlərin yaradılmasına, təşviqinə və satışına, müştəri ehtiyaclarının ödənilməsinə və şirkət üçün mənfəət əldə edilməsinə yönəlmiş hərtərəfli fəaliyyət sayılır. Kəsəsi, marketinq, obrazlı, bazar adamı mənasını verir. Amma idman bazar deyil, spesifik sahədir. Bir işdə rəhbər adam şöbə müdirindən və ya əməkdaşdan soruşmamalıdır, sən nəyi bilirsən? Proqramı onun qarşısına qoyub deməlidir ki, icra et! İlk növbədə, hər işin başında məlumatlı olmaq dayanır.
Güləş bu günün nəzər-nöqtəsindən sadəcə bir idman növüdür. Lakin tarixi ən qədim dövrlərə gedib çıxan bu növ, əslində, köklü ictimai-sosial hadisədir. Çünki əvvəlcə ümumi, daha sonra milli-mental libaslı mürəkkəb mədəni-sosial dəyərləri olan cəmiyyətləri quranadək insanın ən ümdə vəzifəsi özünü təsdiq etmək olub. Hər dəfə uğurdan söz düşəndə ilk növbədə bahadırlarımızın adları çəkilir. Üstəlik, pəhləvanlarımız müstəqillik tarixində hər olimpiadada Vətənə uğur payı bəxş etməklə bunun əsassız olmadığını da göstəriblər. Digər yandan, olimpiya uğurları tək zəfər anı deyil. Bu, hər ötən dövrün hesabat məqamı, ələlxüsus da cəmiyyətdə oynadığı rola görə həm də milli-mədəni, sosial-məişət dəyərlərinin daşıyıcılarından biri olmaqla inkişaf səviyyəsinin göstəricisidir.
AGF-in elan etdiyi məlumata əsasən, böyük məşqçi vəzifəsi Nurəddin Rəcəbova tapşırılıb. Ondan savayı, məşqçilər heyətində Rövşən Bayramov, Sabah Şəriəti, Bəhruz Həzrətipur və Rəsul Cazini Dorçə də yer alıb. Məncə, adı ilk çəkilən mütəxəssisin gənclərdən böyüklərə keçidi yanlış addımdır. Özü də indiki məqamda, olimpiya mərhələsinin ortasında. Sumqayıtlı xoca yunan-Roma güləşində bacarıqlılardan sayılır və illərdir özünü sübut edir. Yeniyetmələrdən gələn uşaqları püxtələşdirib böyüklərə ötürürdü. Arxa cəbhəni belə boş qoymaq olmaz. Nurəddin müəllimin yerinə kimin keçəcəyini AGF hələ açıqlamayıb. Əgər o vəzifəyə də əcnəbi gətirilsə, vay halımıza.
Yeri gəlmişkən, təzə baş katib 3 azərbaycanlı məşqçini işsiz qoyub. Onlar Həsən Əliyev, Elvin Mürsəliyev və Kamran Məmmədovdur. Hər 3 çalışdırıcı idmançı kimi sanballı titula sahibdir: Avropa və ya dünya çempionatlarının qalib və mükafatçılarıdır. İndi onların taleyi naməlumdur, adları federasiyanın rəsmi saytından da silinib. Fikrimcə, Rövşən Bayramovdan çəkinməsəydilər (2-qat olimpiya medalçısı, YAP-ın idarə heyətinin üzvü), onu da göndərərdilər. Nəzərə alaq ki, digər olimpiya mükafatçısı Rəsul Çunayev öz peşəsində işsizdir. Payızda karyerasını bitirəcək Eldəniz Əzizlinin də yaxın gələcəyi sual altındadıır. Necə olsun, yerli işləsin, xarici işsiz qalsın? Öhdəlik götürmüşük axı.
Bu durumda Həsən Əliyevin vəziyyəti lap ağırdır. Ya gərək yerli-yersiz dəstək verib yarındığı gənclər idman nazirliyinə sığınmaq, Fərid Qayıbovun qəbuluna gedib ondan kömək ummaq, ya şələ-küləsini yığışdırıb Qazana dönüb orada güləş məktəbi açmaq, ya da Bakıda qalib sevimli xobbisi üzrə məşğuliyyəti davam etdirmək. O sevda nə verəcək, öz daxili işidir. Pərvin Piriyevdə isə görünən budur: gəlmə məşqçi və idmançıların vasitəsi ilə Los Anceles-2028-də qızıl medal əldə etmək, ondan sonra cüdoda oduğu kimi həddindən sərt üsul-idarəyə keçmək, azərbaycanlıları legionçularla əvəzləmək, onları ölkədən didərgin salmaq, yerliləri sındırılmaq və AGF-də öz təsərrüfatını qurmaq…
Kamran HACI