- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Bakı-2015-in baş ofisində yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvlərinin iştirakı ilə güləş idman növünün təqdimatı keçirilib. Allsport.az saytı xəbər verir ki, idmançılar 500-ə yaxın işçi heyətinin qarşısında bacarıqlarını göstəriblər. Əvvəlcə, 1-ci Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq çıxış edərək, gərgin iş qrafikinə baxmayaraq, nümayişi keçirdiyinə görə, Azərbaycan Güləş Federasiyasına minnətdarlığını bildirib. O, sözü gedən idman növünün ölkəmizdə sürətlə inkişaf etdiyini vurğulayıb.
Sonra AGF-in baş katibi Əjdər Cəfərov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, güləşçilərimizin beynəlxalq arenada qazandığı nailiyyətlər barədə məlumat verib. Qeyd olunub ki, güləş Azərbaycanın tarixi idman növüdür. Hər il güləşçilərimiz mötəbər beynəlxalq turnirlərdə Azərbaycanı layiqincə təmsil edir, üçrəngli bayrağımızı dalğalandırırlar.
Daha sonra güləşin tarixi, inkişaf mərhələləri və qaydaları haqda məlumat verilib. Yeniyetmə idmançılar müxtəlif fəndlər nümayiş ediblər. Cari ildə Özbəkistanda təşkil olunan dünya çempionatı və güləşçilərimizin London olimpiadasındakı çıxışından bəhs edən videoçarx nümayiş olunub. Tədbirə toplaşan işçi heyəti arasında “Kim güləşçi olmaq istəyir?” müsabiqəsi keçirilib, qaliblərə Azərbaycan Güləş Federasiyasının adından hədiyyələr təqdim edilib.
Bakı-2015-in baş ofisində yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvlərinin iştirakı ilə güləş idman növünün təqdimatından sonra Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov media nümayəndələrinin suallarını cavablandırıb: “Gördüyünüz kimi, tədbirimiz çox maraqlı keçdi. Güləş ölkəmizdə ən çox sevilən idman növlərindən biridir. Güləşin daha da populyarlaşması üçün biz də federasiya olaraq, əlimizdən gələni edirik. İdmançılarımız beynəlxalq arenalarda yüksək səviyyədə çıxış edirlər, respublikamızın himnini səsləndirirlər. Əlbəttə, bütün bunlar dövlətimizin diqqət və qayğısı nəticəsində mümkün olur.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası bu gün ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan dünyada, həmçinin idman ölkəsi kimi tanınır. Məhz cənab Prezidentin diqqət və qayğısı idmançılarımızı yeni-yeni uğurlar qazanmağa ruhlandırır. Qarşıda bizi həqiqətən də möhtəşəm bir yarış gözləyir. Birinci Avropa Oyunlarının məhz paytaxtımızda keçirilməsi böyük bir hadisədir. Biz də Güləş Federasiyası olaraq, yarışlara böyük məsuliyyətlə hazırlaşırıq. Federasiya prezidenti Fazil Məmmədovun əmri ilə Bakı-2015 ilə bağlı proqram hazırlanıb. Bu proqramı uğurla həyata keçirməkdəyik. Əminəm ki, güləşçilərimiz onlara göstərilən diqqət sayəsində yüksək əyarlı medallarla xalqımızı sevindirəcəklər”.
Qeyd edək ki, gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarında güləş yarışları Heydər Əliyev adına arenada olacaq və 6 gün davam edəcək. Burada 480 güləşçi 24 dəst medal uğrunda mübarizə aparacaqlar.