“Heç kim belə axarı gözləmirdi”

Premyer liqanın 3-cü turunda “Qəbələ” – “Sumqayıt” oyunundan (1:2) sonra meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, sizi 43 yaşlı mütəxəssisin fikri ilə tanış edir:

“Bizi çətin və ağır oyunun gözlədiyini bilirdik. “Sumqayıt” ilk turda qalib gəlib. Birinci hissədə istədiyim komandanı görə bilmədim. Amma iki top geri düşəndən sonra hücumda istədiyim “Qəbələ”ni gördüm. Üç oyun uduzmuşuq. Komanda şəklində daha artığını etməliyik ki, aşağı pillələrdən qurtulaq.

İstədiyim odur ki, futbolçular daha aqressiv, hücumameylli olsunlar. İkinci hissə göstərdi ki, komanda hücumda olmağı və dominant futbol oynamağı bacarır. Bu gün məğlub olmaya da bilərdik. Amma şans rəqibin tərəfində idi. Konsentrasiya aşağı düşdüyü üçün qapımızda qollar gördük.

Çempionatdan əvvəl hamı deyərdi ki, “Qəbələ” ilk üç turda 6-9 xal toplayar. Heç kim belə axarı gözləmirdi. Komandama ümid böyükdür. İnanıram ki, qarşıdakı turlarda bugünkü ikinci hissədə gördüyümüz futbolu nümayiş etdirəcəklər. Hücumda yeni oyunçularla güclənməliyik. Heyətimiz də onu tələb edir”.

Həmin kateqoriyadan