- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycanda Formula1 yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” əməliyyat şirkətinin və Azərbaycan Avtomobil Federasiyasının birgə təşəbbüsü ilə bu gün Heydər Əliyev Mərkəzində “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları-2018” mövzusunda beynəlxalq konfrans keçirilib. Allsport.az saytı xəbər verir ki, BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai konfransın əhəmiyyətindən, ölkəmizdə 2-ci dəfə təşkil olunan tədbirin Azərbaycanda ticarətin inkişafına töhfələrindən danışıb.
Gənclər və idman naziri Azad Rəhimov idmanın inkişafı istiqamətində görülən işlər haqqında məlumat verib. Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil etdiyini deyən dövlət rəsmisi, ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrildiyini vurğulayıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm potensialından, beynəlxalq yarışların turizm imkanlarının təbliğinə və bu sahənin inkişafına töhfəsindən danışıb. Bildirib ki, ötən il ölkəmizdə turizm sahəsində sürətli inkişaf müşahidə edilib. Dövlətimizin başçısının turizm sahəsinin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlar müsbət bəhrəsini verir.
Azərtac.az-ın mlumatına görə, sonra tədbir sual-cavab sessiyası ilə davam edib. MDB məkanında və regionda bu mövzuda ilk dəfə Azərbaycanda keçirilən konfransa dövlət qurumlarının, biznes və xidmət sahələri ilə məşğul olan şirkətlərin təmsilçiləri, Soçi Qran-Prisinin yüksəkvəzifəli nümayəndələri və jurnalistlər qatılıblar. Konfrans işini panel iclasları ilə davam etdirib.