İcraiyyə komitəsində şahmatımızn yaxın gələcəyi müzakirə olunub

Azərbaycan şahmat federasiyasının icraiyyə komitəsinin bu il üçün ilk iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda AŞF-in prezidenti Mahir Məmmədov, Gəncənin ilk dəfə ev sahibliyi etdiyi 8-18 yaşadək oğlan və qızlar arasında Azərbaycan çempionatının yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, fərqlənənlərin məşqçilər tərəfindən nəzarətə götürüləcəyini qeyd edib.

İki saatdan çox davam edən iclasda Təsnifat komissiyasının yaradılması və komissiyaya sədrin təyin edilməsi, qurumun saytının və loqosunun yenilənməsi, qadınlardan ibarət milli komandanın hazırlığı, federasiyanın dəstək proqramına dəyişikliklərin olunmasıyla bağlı məsələlər müzakirə olunub.
Yığıncaqda uşaq və gənclərdən ibarət komandanın baş məşqçisi Nicat Məmmədov, layihələr üzrə mütəxəssis Raul Quliyev, qadın şahmatçılardan ibarət komandanın məşqçisi Qədir Hüseynov və “Təhsil” RİM-nin şahmat üzrə baş məşqçisi Cavanşir Bağırovun hesabat və təklifləri dinlənilib.

AŞF rəhbəri Mahir Məmmədov milli komandaların payızda Özbəkistanda keçiriləcək Ümumdünya şahmat olimpiadasına hazırlığının federasiyasının diqqətində olduğunu söyləyib. Kişi şahmatçılardan ibarət komandanın olimpiadaya fərdi proqramla hazırlaşması barədə məlumat verilib.

Həmin kateqoriyadan