“Turan Tovuz”un rəhbəri 15 min cərimələndi! “Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun”

AFFA intizam komitəsi Azərbaycan kubokunun yarımfinalında “Turan Tovuz” – “Zirə” oyunu ilə bağlı cəzaları açıqlayıb. Allsport.az saytı xəbər verir ki, şərti meydan sahiblərinin azarkeşləri hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə, klub 5000 manat cərimələnib.

Görüş bitdikdən sonra “Turan Tovuz”un idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə, “ağ-qırmızılar” daha 15000 manat cəriməyə məruz qalıb.

Heyətində 4 nəfər sarı vərəqə aldığı üçün “Zirə” 700 manat ziyana düşüb.

Xatırladaq ki, Ehtiram Quliyev ölkə kubokunun yarımfinalının ilk görüşündə “Zirə”yə 0:2 yenilgidən sonra qalmaqallı açıqlama vermiş, 2 penaltilərini verməyən baş hakim Əliyar Ağayev haqqında mənfi fikir söyləmişdi:

“Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq. Suyu uzanaraq içsinlər, haqqımızı içməsinlər. 1 il boyu əziyyətimizi gəlib 1 gündə yerə vurulur. Əliyarın “Turan”nın oyunlarına təyinatından biz belə halları gözləyirdik. Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun. Futbolda bəzi şeylər dəyişməlidir. Bunlar dilə gətirilməlidir. Biz səssiz qaldıqca, Əliyargillər belə oyun idarə edəcək, futbolumuzu yaman günə qoyacaq. Azərbaycan futbolunun Əliyargillərdən canı qurtarmalıdır”

Həmin kateqoriyadan