- Baxış sayı: 31
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 32
- Noyabr 26, 2024
- 0
«Neftçi» klubu Azərbaycanın ən titullu peşəkər futbol klubudur. Bakılılar «Qarabağ»la yanaşı, bütün ölkə çempionatlarında iştirak edən 2 komandadan biridir. Bayraqdar məmləkət içi bütün yarışlarda rekorda malikdir: 8 dəfə premyer liqanı qazanıb; 6 dəfə ölkə kubokuna və 2 dəfə Azərbaycan superkubokuna sahib çıxıb. Həmçinin, komanda «Birlik kuboku»nun ilk dəfə finalına çıxıb (2005), növbəti il, ilk dəfə baş mükafata yiyələnib. Bu, Azərbaycan futbol klublarının beynəlxalq səviyyədə qazandığı ilk mükafatdır.
2011/2012-ci mövsümündə «Neftçi» Avropa liqasının pley-ofunda Kipr APOEL-inə 2 oyunun nəticəsinə görə 4:2 hesabı ilə məğlub edərək, qrup mərhələsinə adlayan ilk Azərbaycan klubu olub. Bundan başqa, flaqman avrokuboklarda ölkəmizə 1-ci qələbəni qazanıb: 1996-cı ildə Bakıda Bolqarıstan «Lokomotiv»ini 2:1 məyus edib. Burada ilk xal da «ağ-qaralar»a aidir, 1995/95 mövsümündə Kuboklar kubokunda ev sahibləri Kiprin APOEL komandası ilə qolsuz heç-heçə edib.
Çempionlar liqasına gəlincə, 2 il ardıcıl mərhələ adlayıb (2005//06), bu nüfuzlu yarışda özünün ilk səfər qələbəsinə nail olub – 2005-ci ildə İslandiyada «Hafnarfyordur»a 2:1 qalib gəlib. 2008-ci il avrokubok mövsümündə 2 raund keçən ilk komanda olub, elə həmin rəqabətdə İntertoto tarixin yaddaşına köçüb. Halbuki, «ağ-qaralar» bu yarışın mükafatını muzeyinə götürməyə çox yaxın olub. Həmin zaman baş məşqçi olmuş Anatoli Demyanenko səfərdə Rumıniyanın «Vasluy» klubu ilə oyunda güncü legionçu Georgi Adamiyanın qaçırıdığı təkbətək anını həmişə təəssüflə xatırlayır.
Futbol tariximizin ən köklü derbisi olaraq bilinən «Neftçi» – «Kəpəz» oyunları, Bakı və Gəncə kimi respublikanın ən böyük 2 şəhərindən çıxan və ölkənin ən müvəffəqiyyətli və təsirli 2 klubu arasında bu gün də oynanılmaqdadır. Həmçinin, komandanın qarşılaşmaları ölkənin ilk paytaxtı ilə hazırki paytaxtı olan Bakı və Gəncə şəhərləri arasındakı tarixi rəqabət xüsusiyyətini də özlüyündə əks etdirməktədir. «Neftçi»nin tərəfdarları ümumiliktə paytaxt Bakı və Abşeron yarımadasından olan insanlardan ibarətdirsə, «Kəpəz»in azarkeşləri daha böyük bir xəritəyə sahibdir. Klub Gəncə şəhərini təmsil etsə də, Azərbaycanın bütün Qərb bölgəsi , Aran bölgəsi və bir çox rayon və əyalət şəhərlərindəki insanlarda «Neftçi» – «Kəpəz» görüşlərində qarşı tərəfə azarkeşlik edir. Hələ Sovet dövründəykən də Nizami yurdunun tərəfdarları böyük əksəriyyətlə xalqın işçi təbəqəsindən ibarət idi. Buna görə də yərblilər hər zaman Azərbaycanda və Qafqazda ən çox tərəfdara sahib futbol klubu olmuşdur. Rəqabətin kökü SSRİ zamanlarına dayanır. Belə ki, «Kəpəz» azarkeşləri hər zaman bildirirlər ki, ittifaq dönəmində «Neftçi» qədər uğurlu olmamasının ən böyük səbəbi məhz rəqibin paytaxt təmsilçisi olduğu üçün, respublikanın əsas komandası hesab edilərək, ən istedadlı futbolçuları, ənəlxüsus, Gəncə futbolunun yetirmələrini hər zaman «Kəpəz»dən «qopararaq» Bakıya aparılmaları olub. Bu da «Kəpəz»in uğurlarına əngəl olub. Azərbaycan futbol ictimaiyyəti tərəfindən «Tarixi derbi» olaraq adlandırılan bu rəqabət 20-ci əsrin 90-cı illərində MDB ölkələri arasında ən rəqabətli derbilər sırasında belə adı çəkilmişdir. İlk qarşılaşma 1962-cı il 26 iyunda SSRİ kubokunun 1/8 mərhələsinə təsadüf edib. Klubların o zamankı ki adları ilə «Dinamo» (Kirovabad) – «Neftyanik» (Baku) qarşılaşması 1:0 hesabı ilə gəncəlilərin qələbəsi ilə nəticələnib. Ümumilikdə isə, o zamandan indiyədək bu komandalar 45 dəfə üz-üzə gəliblər. Görüşlərdə paytaxt təmsilçisinin üstünlüyü nəzərə çarpır (+20-18).
Azərbaycan futbolunun ən gərgin oyunlarından biri «Neftçi» – «Xəzər Lənkəran» rəqabəti müstəqillik dövrünə təsadüf edir. İlk qarşıdurma 8 dekabr 2004-cü ildə Lənkəran şəhər stadionunda başlayıb. Bu matçda tərəflər 1:1 hesablı bərabərliklə ayrılıb. Bu görüşlərdə ilk qələbəni 11 may 2005-ci ildə Tofiq Bəhramov adına Respublika stadionunda «Neftçi» qazandı (2:1). “Gəmiqayıranlar» əzəli rəqibi üzərində ilk uğuruna 11 avqust 2006-cı ildə, «ağ-qaralar»a 2:1 yenməklə yetişib. Azərbaycan futbolunda ən böyük azərkeş marağına səbəb olan bu rəqabət «Şah» oyun və ya «Böyük oyun» adlanır. Bu görüşlərdə ən böyük hesablı qələbə «Neftçi»yə məxsusdur. 6 noyabr 2011-ci ildə «İsmət Qayıbov» stadionda keçirilən çempionat oyununda flaqman rəqibini 5:0 hesabıyla darmadağın edib. «Neftçi» – «Xəzər Lənkəran» oyunlarında ən çox qol vurmuş futbolçu bakılıların keçmiş legionçusu Flavinyodur. O, rəqib komandanın 7 dəfə cəzalandırıb.
Azərbaycan futbolunda digər maraq doğuran oyunlardan biri də «Neftçi» – «Qarabağ» rəqabətidir. Bu matçları prinspial edən səbəblərdən ən başlıcası, hər 2 komandanın 1992-ci ildən indiyədək bütün çempionatlarda iştirak etməsidir. Bu rəqabəti ilk dəfə 26 sentyabr 1992-ci ildə Tofiq Bəhramov adına Respublika stadionunda başlayıb. Həmin matçda tərəflər sülh ayrılıblar (1:1). Bu qarşıdurmada ilk qələbəni 20 oktyabr 1992-ci ildə Ağdamın «İmarət» stadionunda keçirilən görüşdə ev sahibləri qazanıb (2:1). Bu tərəflərin çempionatda həmin futbol qurğusunda baş tutan yeganə oyunu olub. Qarabağda gedən gərgin döyüşlərdə rayon mərkəzini işğal edən ermənilər «köhlən atlılar»ı yurdlarından didərgin saldılar. «Neftçi» bu rəqibi üzərində ilk sevincini 1994/1995 mövsümündə evdə yaşayıb (3:2). Ölkə futbolunda böyük marağa səbəb olan bu rəqabət «Azərbaycan derbisi» kimi tanınır. Bu rəqabətdə ən böyük hesablı qalibiyyət «Neftçi»yə məxsusdur. 4 noyabr 2000-ci ildə “Tofiq Bəhramov»da ev sahibləri rəqibini 4:0 hesabı ilə məyus edib.
Kamran HACI
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”