“İstənilən halda futbolçularıma güvənirəm”

UEFA millətlər liqasının qrup mərhələsinin IV turu çərçivəsində Azərbaycan Slovakiya ilə qarşılaşacaq.

Allsport.az oyun öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Fernandu Santuş və komandamızın üzvü Elvin Cəfərquliyevin səsləndirdiyi fikirləri nəzərinizə çatdırır:

Fernandu Santuş: “Hər zaman oyunlara pozitiv köklənməliyik. Xallar qazanmaq istəyirik. İstənilən halda futbolçularıma güvənirəm. Müəyyən oyun fəlsəfəsi olduğu halda onu həyata keçirmək üçün çox çalışmaq lazımdır. Hücum planında müəyyən mənada istədiklərimizi görməyə başlamışıq. Qol vəziyyətləri yaratmağa davam etsək, növbəti matçlarda onlardan daha çox yararlanacağıq. Hazırkı vəziyyətdə əsas problemimiz çox qol buraxmaqdır. Qollar buraxdığın zaman bunun futbolçulara psixoloji təsiri olur. Hər gün oyunçularla danışırıq, onların psixoloji durumunu yaxşılaşdırmağa çalışırıq. Gələcəyə nikbin baxmaq lazımdır. Bu komanda bir ildən sonra istənilən rəqibə qarşı mübarizə apara biləcək. Gələcək layihə üçün bura gəlmişəm. Eyni istəklə işimi davam etdirirəm. Hələ gəlməzdən əvvəl Azərbaycan futbolu barədə ətraflı məlumatlı idim. Azərbaycan futbolunun gələcək layihəsinə fayda verəcəyimə inanıram. Gəlməzdən əvvəl də həmin layihəyə inanırdım.
Azarkeşlərdən xahiş edirəm ki, oyunlara gəlsinlər, komandanı dəstəkləsinlər. Azarkeşlər, futbolçular, assosiasiya, məşqçilər, bir sözlə, hər birimiz əl-ələ verib vəziyyətdən çıxmalıyıq.
Məşqçilər korpusunda bir azərbaycanlı mütəxəssisin olması barədə düşünürük. İlqar Qurbanovla bununla bağlı söhbət etmişik. Həmin məşqçinin təkcə Azərbaycan dilində danışması kifayət etmir. Azərbaycan futbolunu da dərindən bilməlidir”.

Elvin Cəfərquliyev: “Oyuna çox ciddi hazırlaşırıq. Uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, qələbə ilə azarkeşlərimizi sevindirəcəyik. Bu gün Estoniya ilə matçımıza baxmışıq. Müdafiə xəttində bəzi səhvlərimiz var idi. Qələbə qazana bilərdik. Birinci hissədə kifayət qədər qol vəziyyətlərimiz oldu. İmkanlardan yararlanmayanda rəqib səni cəzalandırır. Bu dəfə daha yaxşı çıxış etməyə çalışacağıq. Yüksək keyfiyyətə malik futbolçularımız var. Ümid edirəm ki, komanda şəklində daha yaxşı oynayacağıq”.

Həmin kateqoriyadan