- Baxış sayı: 24
- 28 Noyabr 2024 12:16
- Baxış sayı: 39
- Noyabr 26, 2024
- 0
“O vaxt “Neftçi”də sovet komandalarına xas standart şərait var idi: mənzil, avtomobil və əlavə ödənişlər. 1984-cü ildə güclülər dəstəsində qalmaq üçün Özbəkistan “Paxtakor”u ilə mübarizə aparırdıq. Son turda heç-heçə oynayıb 600 rus rublu aldıq”.
Allsport.az xəbər verir ki, bunu “Neftçi”nin sabiq qapıçısı Aleksandr Jidkov Bakı klubundakı karyerası barədə “fanday.net” saytına geniş müsahibəsində deyib.
1984 – 1987-ci illərdə “ağ-qaralar”ın formasını geyinmiş veteran qolkiper bildirib ki, həmin dövrdə flaqmana Azərbaycanın tikinti naziri rəhbərlik edib: “Yadımdadır, Bakıda dəbdəbəli baza tikilmişdi. Bu, Sovet ittifaqında ən yaxşılardan biri idi. Kondisionerli otaqlarda yerə şərq xalçaları döşənmişdi”.
Onun sözlərinə görə, “Neftçi”yə vəsait dövlət büdcəsindən ayrılıb: “Açığı, maliyyənin mənbəyini bilmirdim. Amma Azərbaycan kommunist partiyasının 1-ci katibi Mircəfər Bağırov futbol azarkeşi olub. Güman edirəm ki, pul da elə dövlət büdcəsindən gəlirdi. Həm Tbilisidə, həm də İrəvanda oxşar vəziyyət idi. Daşkənddə pambıqdan gələn gəlir “Paxtakor”a gedirdi”.
Jidkov “Neftçi”dən ayrılmasının səbəbini də açıqlayıb: “SSRİ yığmasına çağırılmışdım. Valeri Lobanovski məni Moskva yaxınlığındakı Novoqorskda yerləşən ofisinə dəvət etdi və bunları dedi: “Millidə oynamaq istəyirsən? Kiyev “Dinamo”suna keç. Sən artıq “Neftçi”də oynayacaq səviyyəni keçmisən. Nə edə bilərdim? “İstəmirəm” deməliydim? Hətta rəqabət barədə belə, düşünmədim. Kiyevdə Viktor Çanov, yığmada isə Rinat Dasayev var idi. Onlar heyətdəki yerlərini vermək fikrində deyildilər. Risk edib “Dinamo”ya yollandım. Həmin vaxt yalnız Bakı tibb institutundan Kiyevə köçürülməyimi xahiş etdim. Lobanovski bu məsələni qısa zamanda həll etdi”.
Keçmiş qapıçı ali məktəb dövrünü belə təsvir edib: “Neftçi”yə keçdiyim vaxt hərbi xidmətə – MOİK və ya OİK-ə çağırılma ehtimalıma görə Bakıda sığortalanmışdım. Yəni, məni hərbi kafedrası olan ali məktəbdə gizlətmişdilər. Kiyevə yollandığım vaxt dördüncü kursda idim, diplomu Ukrayna paytaxtında aldım. Həftədə bir dəfə görünür, avtoqraf paylayırdım. Sanitar-gigiyena fakültəsində idim. Təhsilim əyani idi. Bakıda oxuduğum vaxt “Mamalıq və ginekologiya” fənni üzrə də imtahan verməli olmuşdum. Müəllimlər futbolçu olduğumu əla bilirdilər. “Bakıda, “Neftçi”də işlərin necə gedir?” kimi suallar verdilər. Cavab verdim. Fənn üzrə suallar gözlədiyim vaxt “Bu mövsüm neçə penaltini qaytarmısan?”, – deyə soruşdular. “4” cavabını verdim. Əvəzində “Qiymət kitabçanı ver, sənə elə 4 yazaq” söyləyilər (gülür – red.).
1984 – 1987-ci illərdə “Neftçi”nin şərəfini qorumuş Aleksandr Jidkov 1994 – 1998-ci illərdə Azərbaycan millisində çıxış edib. Keçmiş qolkiper 21 oyunda yığmanın qapısını qoruyub.