Yunis Hüseynov “Kəpəz”i ilk görüşə itkilərlə çıxaracaq

Premyer liqanın 13-cü turunda “Qəbələ”ni qəbul edəcək “Kəpəz” bu gün Nizami yurduna gəlib. Allsport.az saytı xəbər verir ki, mehmanxanaya yerləşib nahar edən komanda üzvləri müəyyən istirahətdən sonra, matçın keçiriləcəyi Gəncə şəhər stadionuna yollanıb. Komandanın son hazırlığı məhz adı çəkilən arenanın əsas meydançasında olub. Azarkeşlər və mətbuat nümayəndələrinin maraq göstərdiyi açıq məşq təxminən 50 dəqiqə davam edib.

“Qəbələ” ilə oyun öncəsi “Kəpəz”in heyətində itkilər var. Müdafiəçilər Dedimar Fereyra və Şəhriyar Rəhimov cəzalıdır. Bununla belə kapitan Rəhimov Gəncəyə gələrək məşq prosesində iştirak etməklə komanda yoldaşlarına dəstəyini nümayiş etdirib.

Viktor Oseqeyl isə zədəli olduğundan qarşıdakı görüşdə forma geyinə bilməyəcək. Oseqeyldən fərqli, ayağında müəyyən ağrıları olan Məhəmməd Qurbanov özünü yaxşı hiss edir.

Noyabrın 25-də keçiriləcək “Kəpəz” – “Qəbələ” matçı saat 14:30-da başlayacaq. Bu qarşılaşma Yunis Hüseynovun gəncəlilərin baş məşqçisi postunda ilk oyunu kimi tarixə düşəcək. Onun məşqçi karyerası ərzində həm də ilk dəfə futbolçu kimi şərəfini qoruduğu komandaya başçılıq edəcək.

Həmin kateqoriyadan