“Kəpəz”də növbəti qarışıqlıq
6 noyabr 2017 / 13:13 Baxış sayı: 1218 Mikayıl Nərimanoğlu “Kəpəz”in tifağını elə dağıdıb, fəsadları hələ uzun müddət hiss olunacaq. Allsport.az saytı xəbər verir ki, maliyyə pozuntularına görə Gəncə klubunun müşahidə şurasından geri çağırılan AFFA rəsmisi özündən sonra da kimlərinsə başını ağrıdır. Üstəlik, öz işi də cəncəldədir.
Hazırda icraçı direktor Cabir İbrahimovun fəaliyyəti araşdırılır. Müxtəlif maliyyə sənədlərində imzası olan bu şəxsin Elxan Məmmədovun keçmiş xəbərçisi ilə ortaq və ya ayrıca hansısa qanunsuz iş gördüyü aydınlaşsa, onu da yola salacaqlar.
Dünənsə, komandanın baş məşqçisi Şahin Diniyevin istefa xəbəri yayılıb. Sonra çalışdırıcı elə mətbuatda bu informasiyanı təkzib edib. Futbolinfo.az-ın əməkdaşı ilə söhbətində, onun getmək fikri olmadığını, buna lüzum görmədiyini açıqlayıb.
Mütəxəssisin arqumentləri öz yerində, amma zənnimizcə, bu cür xəbərlərin mətbuata sızdırılması məqsədlidi. Mehman Allahverdiyev və onun kimi klubdan uzaqlaşdırılan digər yoldaşları “Kəpəz”i qarışdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Mikayıl Nərimanoğlu onların təşəbbüsü ilə icraçı direktor tərəfindən vuruldu, indi həmin İbrahimov özü də müşküldədir.
Maraqlıdı ki, istənilən məsələdə Yunis Hüseynov kartı ortaya atılır. Bu şəxsin gəncəli olması, vaxtilə “Karvan”da Gəncənin icra başçısı Elmar Vəliyevlə birgə çalışması faktı da ünlü futbolçunun irəli çəkilməsinə səbəbdir. Mehman bəy Vəliyevin dövründə komandaya qayıdışının mümkünsüzlüyünü bildiyindən, heç olmasa, başqalarına da mane olmağı, imkan daxilində aranı qarışdırmağı lazımlı bilir.
Bir neçə gün öncə futbolinfo.az-a Elxan Məmmədovun keçmiş sözaparanını yerinə məhz Yunis Hüseynovun gələcəyi ilə bağlı informasiya daxil olmuşdu. Belə ki, o, şuraya üzv göndərilməli və AFFA-nın ayırdığı maliyyəyə nəzarət etməliydi. Lakin hələ o zaman da qeyd etmişdik ki, AFFA maliyyəni heç vaxt Yunis müəllimə kimi kənar birinə etibar etməz. Ehtimal doğruldu və assosiasiya “Kəpəz”ə kurator kimi İslam Abbasovu göndərdi.
İndi isə Yunis bəyin məşqçi kimi dönüşü variantı var. Lakin bu da inandırıcı deyil. Çünki o, nə AFFA, nə də Gəncə şəhər rəhbərliyi tərəfindən sevilmir. AFFA məhdud maliyyə şərtləri ilə çalışmağa məcbur etdiyi Şahin bəydən narazı deyil və onu əvəzləməyi düşünmür. Düzdür, Diniyevin Vəliyevlə də münasibətləri isti deyil. Lakin Hüseynovla münasibətlər daha pisdi. “Karvan”dakı işbirliyinin sonunda Vəliyevi aldadan və bu üzdən münasibətləri korlanan Yunis bəy icra başçısı dəyişməyənə kimi Gəncədə işləməyəcək.
Sadəcə, Hüseynov kartı bu gün kimlərəsə sərf etdiyi üçün gündəmdədir. Bildiyimizə görə, ən azı qışa kimi Diniyevin istefası müzakirə mövzusu deyil, çempionatın qışa qədərki dövründəki nəticələri isə müqavilənin yaya kimi uzanıb-uzanmamasında həlledici olacaq.
AFFA baş katibinin sabiq sözdaşıyanı ortada görünmür. Əvvəl bir şey olan kimi özünə yaxın KİV-ə çıxıb açıqlama verən Mikayıl Nərimanoğlunu indi “gördüm” deyən olmayıb. Ehtimala görə, ona AFFA kiçik bir vəzifə verilməliydi. Amma hələ rəsmi açıqlama yoxdur. Dövləti – Gənclər İdman Nazirliyinin rəsmi orqanı “İdman”ı sevməyən bu şəxs yalnız hökumətdən mükafat almağı bilirdi. Bunun üçün, utanmadan çox məmura xahiş edirdi. SOCAR-ın maliyyəsini şəxsi məqsəd üçün istifadə edən keçmiş AFFA xəbərçisi milli ilə səfər oyunlarına əsasən özünə yaxın olan KİV-i aparırdı. Bir məqamda, o, hətta ev-alqı satqısı “makler”ini heyətə qatmaqdan çəkinməyib, Halbuki AFFA ictimai təşkilatdır, SOCAR-ın gəliri neftdəndir, neft isə xalqın təbii sərvətidir. Demək, Mikayıl Nərimanoğlu növbəli prinsipə əməl etməliydi. AFFA yanında media komitəsinə öz həmyerlisi əyləşdirən Nəriman Quliyevin hələ çox qanunsuz işlərinin ortaya çıxacağı ehtimal olunur.