“Kəpəz”də növbəti yoxlama: AFFA-nın keçmiş xəbərçisinin şərikləri müəyyənləşir
13 noyabr 2017 / 20:20 Baxış sayı: 1529 “Kəpəz”də nisbi sakitlikdir. Allsport.az saytı xəbər verir ki, Mikayıl Nərimanoğlunun bu klubun müşahidə furasından geri çağırılması ilə başlayan qalmaqal sakitləşmiş kimi görünür. Amma… Bu həftə Gəncədə audit yoxlamasının növbəti mərhələsi başlayır – klubun icraçı direktoru Cabir İbrahimov və mühasib Mənsurə Məmmədovanın əməlləri araşdırılacaq. Cabir bəyin başlatdığı araşdırmalar indi onun özünün üzərinə yönəlir və o, imzaladığı qanunsuz sənədlərin hesabatını verəcək.
Futbolinfo.az-a görə, Mənsurə Məmmədova da sudan quru çıxa bilməyəcək. Müsahibə verərək hamını ittiham edən xanım mühasib, bununla təlaşlı olduğunu göstərmişdi. Lakin onun hamını ittiham etməsi, hətta AFFA-nın baş katibi Elxan Məmmədovu sifarişçi kimi qələmə verməsi günahsız olduğunu deməyə əsas vermir. Belə hal olubsa da, sənədləri hazırlayan şəxs odur, imzası, razılığı var, deməli, məsuliyyət daşıyır. Hətta hansısa tapşırıq gəlibsə də, Mənsurə xanım buna vaxtında etiraz etməliydi. İndi hansısa etiraflarla gündəmə gəlməsi onun günahını azaltmır.
İstənilən halda, budəfəki yoxlamalar bu iki şəxsin də taleyini müəyyənləşdirəcək. AFFA-nın mətbuat xidmətindən də qovulan Mikayıl Nərimanoğlunu bir də öz peşəsi üzrə iş başında görməyəcəyik. Amma o, asanlıq kreslosunu təhvil vermək istəmir. Uzun illər Elxan Məmmədovun sözdaşıyanı olan keçmiş jurnalist, hər gün “Boz ev”ə gəlib öz keçmiş otağıda əyləşir. Futbolumuzda olan durum vecinə deyil, heç vaxt olmayıb da. Əks halda, zamanında əsl Əməkdar jurnalist Məzahir Süleymanzadə kimi mətbuat xidmətindən könüllü istefa verərdi. Burada başqa bir məqam da var: “Səhər”in yaradıcısı sovet dönəmində idamn mətbuatının bayraqdarı “İdman”da çalışıb; burda məktəb, ədəb-ərkan, gerçək qəzetçilik görüb. Baş katibin sabiq xəbərçisi isə dövləti – Gənclər İdman Nazirliyinin rəsmi mətbu orqanı “İdman”ı görən gözü yoxdur, ilk fürsətdə, media tədbirlərində havadarı Elxan Məmmədova arxanalaraq ən qocaman idman qəzetini aşağılayıb.
AFFA-nın komitələrində hansısa postu tutacağıyla bağlı deyilənlər sadəcə, bir müddət Mikayıl Nərimanoğlunu qorumağa, maliyyə yeyintiləri xəbərlərinin şokunu yumşaltmağa hesablanmışdı. Keçmiş sözaparanın səhvləri bağışlanmazdır və o, futbol təsərrüfatından birdəfəlik qovulub. Hər halda, buna inanaq. Çünki onun taleyinin AFFA hakimlər komitəsinin sədri Xaqani Məmmədov kimi bitməsi, yəni, sudan duru çıxması ehtimalı da çoxdur. İdman mətbuatında və ictimaiyyətində bu qənaətdədirlər.