“Kəpəz”in evini yıxan AFFA xəbərçisi Gəncədə evini 72 min manata satmağa məcbur olub
15 fevral 2018 / 14:01 Baxış sayı: 960 “Kəpəz”in müşahidə şurasında sədr müavinliyindən qovulan Mikayıl Nərimanoğludan yeni xəbər var. Allsport.az saytı xəbər verir ki, Gəncə klubundan maliyyə yeyintisinə uzaqlıaşdırılan bu şəxs taladığı 400 min manatdan çox vəsaiti geri qaytarmaq üçün son imkanlarından istifadə edir.
2 vəzifəsindən 1 günün içində xaric olunan keçmiş jurnalist komandada aparılan audit yoxlamasından sonra bu aqibətlə üzləşmişdi. Klubun ovaxtkı icraçı direktoru Cabir İbrahimovun şikayətindən sonra aparılan araşdırmalardan sonra gizlinlər aşkar olunmuşdu. Futbolumuzun “sədr-əzəmi” Elxan Məmmədovun xəbərçisi maliyyə yeyintiləri sübut edilmiş və o, qamarlanan pulları geri qaytarmaq şərti ilə cinayət məsuliyyətinə cəlb edilməmişdi.
Futbolinfo.az xəbər verir ki, ötən ilin payızından etibarən büdcədən qeyb olan pulları geri qaytarmaqla məşğul olan sabiq funksionerin yaxınlara kimi borcu qalırdı. AFFA-dan bağışlanmayacağını görən söz aparan, nəhayət, Gəncədəki evini də satmalı olub. Fevralın əvvəlində onun Sadıllı məhəlləsindəki əmlakı 72 min manata yeni müştərisini tapıb. O, pulu borcunu bağlamaq üçün lazımi adamlara – AFFA-ya çatdırıb.
İşin maraqlı tərəfi məhəllə evinin sabiq sədr müavinini məşhər ayağına çəkdirən Cabir İbrahimovun əlinə keçməsidi. AFFA-nın söz daşıyanı bu evi məhz Cabir bəyin yaxınlarından birinə verməyə məcbur olub. Hazırda Gəncə stadionunun direktoru kimi çalışan İbrahimov söz-söhbətdən uzaq olmaq üçün əmlakı bir dostunun adına qeydiyyata aldırıb.