KİV nümayəndələrinə Formula-1 yarışlarının qaydaları barədə təlim

Aprelin 23-ündə Bakı şəhər halqası media nümayəndələri üçün təlim keçib. Allsport.az saytı xəbər verir ki, məqsəd yerli media nümayəndələrini Formula-1 yarışlarının ümumi qaydaları barədə həm nəzəri, həm də praktiki cəhətdən məlumatlandırmaq olub.

Avropa oyunları parkında yerləşən Bakı marşal mərkəzində təşkil olunmuş təlim nəzəri, praktiki və əyləncə hissələrindən ibarət olub. Nəzəri hissədə jurnalistlərə peşəkar marşallar tərəfindən Formula 1 bolidləri, onların texniki xüsusiyyətləri, yarışın idarə olunması prosesi və yarış zamanı digər maraqlı məqamlar barədə məlumat verilib. Təlimin sonunda suallar cavablandırılıb.

Praktiki hissədə jurnalistlərə yarışın idarə olunması və yarış qaydalarının necə tətbiq olunduğu nümayiş edilib.
Sonda Azərbaycan avtomobil federasiyasının drift və volkikar yarış maşınlarından ibarət şou və mini yarış simulyasiyaları nümayiş etdirilib, lüks maşınlar sərgilənib.

Növbəti Formula-1 Azərbaycan qran-prisi 10-12 iyunda keçiriləcək. Mövsümün sayca 8-ci yarışı Monako, Mayami, Sinqapur kimi nüfuzlu şəhər yarışlarının sırasında yer alır.

Həmin kateqoriyadan