- Baxış sayı: 33
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 34
- Noyabr 26, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Antalyada Serbiyanın “Srvena Zvezda” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Allsport.az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları oyundan sonra bunu söyləyib:
“Oyunu zədəsiz bitirdiyimiz üçün sevincliyik. İlk dəfə idi ki, Ataa Caber və Emin Mahmudov birlikdə oynadılar. Mahmudov 3 gündür məşq etmirdi. Hər ikisi matçı zədəsiz bitirdi. “Sabah”la matça kimi bir neçə günümüz qalıb. Çox yaxşı hazırlaşmalıyıq. Nikbinəm, çünki bütün futbolçular sərəncamımdadır. Sadəcə, Eddi İsrafilov üçün darıxırıq. Qarşıdakı 2-3 rəsmi oyunda bizimlə olmayacaq. Ümid edirik ki, tezliklə komandaya qoşulacaq”.
Regekampf heyətdəki problemlərdən də söz açıb: “Fikrimcə, oyunçularımız hazırdırlar. Amma hər gün nəsə baş verir. Azər Salahlı xəstələndi. Emin Mahmudovda xırda problem var idi, sonradan böyüdü. Eyni sözləri Eddi İsrafilov haqqında deyərdim. Əsas oyunçuları digərləri ilə əvəzləmək asan deyil. “Şamaxı” ilə matçdan sonra dediyim kimi, komandanı kökündən dəyişməyə ehtiyac yoxdur. Əsas məqsədimiz sabit oynamaq və ailə olmaqdır”.
O, yeni transferlər – Höccət Haqverdi ilə Kilan Lebonun komandaya kömək edəcəklərinə inandığını söyləyib:
“Bu gün bizə yeni futbolçu qoşulub. Düşünürəm ki, yaxşı oyunçudur. Son 6 ay ərzində yaşadığımız çətinliyi aradan qaldıracaq. Bizə irəlidə top istəyən futbolçu lazım idi. İnanıram ki, bunun öhdəsindən gələcək. Höccət elə futbolçudur ki, onun da bizə çox köməyi dəyəcək”.
Yusuf Lavalın gedişinə də toxunan rumıniyalı baş məşqçi futbolda bu cür halların baş verməsini normal qəbul etdiyini vurğulayıb:
“Lavalın bizimlə 6 aylıq müqaviləsi qalmışdı. Sözləşməsini yeniləməyə çalışdıq. Amma yeni çağırış istəyirdi. Portuqaliya klubundan gələn təklifi dəyərləndirməyə qərar verdi. Lazımi mövqeləri gücləndirməliyik. Lavalın gedəcəyi ağlıma belə, gəlməzdi. Amma indi bu barədə düşünmək istəmirəm. Onun mövqeyinə elə oyunçu gətirməliydik, boşluğunu doldursun. Laval ailəmizin bir üzvü idi, yeni karyerasında uğurlar arzulayırıq. İnanıram ki, Portuqaliyada böyük oyunlar göstərəcək və yaxşı çıxış edəcək”.
Rumın mütəxəssis yeni transfer planlarından da söz açıb:
“Komandaya daha iki yeni futbolçu cəlb olunacaq. Transfer siyahımızda daha bir vinger və hücumçu var. Qarşıdakı günlərdə onların da keçidini bitirəcəyimizə ümid edirik. Eyni zamanda, əlimdə olan bütün futbolçuları çempionata yüz faiz hazırlamaq istəyirəm”.
Regekampf qarşıdakı 6 ayda yaxşı komanda qurmaq və avrokuboklarda uğurlu çıxış etmək istədiklərini bildirib:
“Təlim-məşq toplanışında neqativ məqamlar da olur. Amma indi bu barədə danışmaq istəmirəm. Bəzi oyunçularda mikro-zədələr oldu. Onların hamısından eyni vaxtda məşqlərdə istifadə bilmirdik. Buna baxmayaraq, böyük təcrübəyə və keyfiyyətə malikdirlər. Ümid edirəm ki, ilk rəsmi oyunumuzda formalarının pik nöqtəsində olacaqlar və qələbə qazanmağımıza kömək edəcəklər”.
Baş məşqçi bu mövsümdəki məqsədlərinin ölkə kubokunu, əsas hədəflərinin isə çempionluğu qazanmaq olduğunu əlkavə edib: “Kubokda şansımız yüksəkdir, çünki iddialılar uduzublar. Qalan komandalara da hörmətlə yanaşırıq. Asan olmayacaq”.