“Məğlub olmağımıza baxmayaraq, komandamız ikinci matçı daha yaxşı keçirdi”

“Güclü rəqibə qarşı iki oyun keçirdik”.

Allsport.az xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının baş məşqçisi Elxan Abdullayev Özbəkistanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yerli komanda ilə keçirilən ikinci yoxlama oyunundan (1:3) sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

O, ilk görüşdə dominantlığın rəqibdə olduğunu söyləyib: “Fərdi ustalıqda bizi qabaqlayırdılar. Buna baxmayaraq, futbolçularımız xarakter göstərdilər, sona qədər döyüşdülər və nəticədə 0:0 hesablı heç-heçə etdik. Məğlub olmağımıza baxmayaraq, komandamız ikinci matçı daha yaxşı keçirdi. Heyətdə rotasiyalar etmişdik, yeni oyunçulara fürsət verdik. Erkən qolla da hesabı açdıq. Lakin Özbəkistan yığmasının daha keyfiyyətli oyunçulara sahib olması yekunda həlledici rol oynadı. Uduzsaq da, yaradılan qol vəziyyətlərində rəqibi üstələyirdik. Ümumilikdə toplanışdan razı qaldım. Təbii ki, çatışmazlıqlarımız var, bunların üzərində çalışacağıq”.

Komandalar arasında oktyabrın 9-da keçirilən ilk matçda 0:0 hesablı heç-heçə qeydə alınıb.

Həmin kateqoriyadan