Mahir Əmrəli: “Uduzuruqsa, vurduğum qol heç bir məna kəsb etmir”

“Avrokuboklarla yanaşı, ölkə çempinoatına da diqqət yetirməliyik. Çünki biz “Legiya” komandasıyıq. Hər şey uğrunda mübarizə aparmaq lazımdır”.

Allsport.az xəbər verir ki, bunu Polşa “Legiya”sının futbolçusu Mahir Əmrəli evdə İtaliya “Napoli”sinə 1:4 hesabı ilə uduzduqları Avropa liqasının qrup oyunundan sonra “TVP sport”a açıqlamasında deyib.

Görüşün 11-ci dəqiqəsində hesabı açdıqdan sonra baş məşqçisi Marek Qolebiyevskini qucaqlayan 24 yaşlı hücumçu bunu çoxdandır qol vurmaması ilə əlaqələndirib: “6 oyundur fərqlənə bilmirdim. Mənə güvəndiyini hiss etdim. Məhz onun sözləri məni mübarizə aparmağa və yaxşı oynamağa sövq edir. Bu, ona minnətdarlığım idi”.

Azərbaycan millisinin forvardı məğlubiyyətin səbəbini də açıqlayıb. O, matçdan öncə uğurlu nəticəyə ümid etdiyini gizlətməyib: “Qrup mərhələsinə yaxşı başlamışdıq. Qrupa başçılıq edirdik. Amma “Napoli”nin gücü hamıya bəllidir. İtaliyanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Hər şeyə hazır idik. Oyunun ağır keçməsi normaldır. Penalti, hansısa səhvlər sonda uduzmağımıza gətirib çıxardı”.

Əmrəli vurduğu qola görə sevincli olduğunu bildirib: “Amma açığı, fərqləndiyim oyunda uduzuruqsa, bu, mənim üçün heç bir məna kəsb etmir. Vəziyyəti analiz etməli, səhvlərimiz üzərində işləməli və irəliyə baxmalıyıq. Müsbət məqamları təkcə qol vurmağımızda deyil, həm də effektiv hücumlar qurmağa çalışmağımızda, birlikdə oynamağımızda və məşqdə etdiklərimizdə axtarırıq. Gələcəyə nikbin baxırıq. inanıram ki, hər şey yaxşı olacaq”.

Futbolçu “Napoli”ilə oyunda tez yorulduqlarını etiraf edib: “Bəlkə gücümüz bitib. Topsuz çox qaçanda rəqibə boş sahə verməyiniz normaldır. Əslində onların futbolu bizimkindən qat-qat keyfiyyətlidir. Bu gün bir daha bunun şahidi olduq. Vurduqları hər qol onların səviyyəsini göstərir. Bütün bunların fərdi səhvlərdən olduğunu deməzdim. Biz komanda olaraq qalib gəlir və uduzuruq. Amma “Napoli” bizdən daha keyfiyyətli komandadır”.

Əmrəli növbəti qarşılaşmalarda daha yaxşı oynayacaqlarını vurğulayıb: “Bayaq da dediyim kimi, oyunumuzda müsbət məqamlar var. Məsələn, məşqlərdə etdiklərimizi meydanda həyata keçirməyə çalışdıq. Özümüzü sübut etməliyik. Günü-gündən daha yaxşı olacağıq. Buna inamımız var”.

Həmin kateqoriyadan