Mahir Mədətov “Neftçi”nin seneqallı müdafiəçindən üzr istəyib

Ölkə çempionatının 15-ci turunda keçirilən “Qarabağ” – “Neftçi” matçında meydan sahiblərinin futbolçusu Mahir Mədətovla qonaqların yeni transferi Mamadu Mbodj arasında xoşagəlməzlik olub. Allsport.az saytı xəbər verir ki, 2-ci hissədə mübarizənin gedişində seneqallı müdafiəçi həmyerlimizə qarşı kobudluq etdikdən sonra, üzr istəmək üçün ona əl uzadıb. Amma Mahir rəqib futbolçunun bu jestinə qarşılıq verməyib.

Matçdan sonra milli futbolçu İnstaqramda bu məsələyə şəhr verib. O, Mamadunun əl uzatdığını görmədiyini və buna görə üzr istədiyini bildirib: “Mən həmin epizodda sənin əl uzatdığını görmədim. Buna görə üzr istəyirəm. Ümid edirəm ki, aramızdakı hər şey yaxşı olar. Mən irqçi deyiləm. Bilirsən ki, bu, bir oyundu. Sənə uğurlar arzulayıram”.

Mahirin bu mesajına qarşı tərəfdən cavab gecikməyib: “Salam, dostum. Narahat olma, bu, bir oyundu və bunların baş verməsi normaldı. Sənin irqçi olmadığını bilirəm. Sən yaxşı oyunçusan. Sənə komandanla birlikdə uğurlar arzulayıram”.

Xatırladaq ki, “Qarabağ” – “Neftçi” görüşü 1:1 hesabı ilə bitib.

Həmin kateqoriyadan