Maksim Medvedev: “Kayrat”la oyunda hər şeyə hazırıq”

“Qarabağ”ın kapitanı Maksim Medvedev Avropa konfrans liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Kayrat”a (Qazaxıstan) qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, o, Qazaxıstan mətbuatına müsahibəsində bunları söyləyib:

“Kayrat”la Bakıdakı oyunumuz maraqlı alındı. Komandalar eyni səviyyədə olduğundan bu cür matçlarda az səhv buraxan tərəf 3 xal götürür. Həmin vaxt bizim günümüz idi və vacib qələbə qazandıq.
“Kayrat” intizamlı komandadır. Komandanın öz fəlsəfəsi və oyun üslubunun olduğu görünür. İlk oyunda bir neçə qol epizodu yaratdılar. Ümumiyyətlə, “Kayrat” nəzarətsiz qalanda çox təhlükəli olur. Təkcə ilk hissədə deyil, bütün oyun ərzində bizim üçün çətinlik yaratdılar. Amma onları dayandıra bildik. Eyni zamanda, öz qol vəziyyətlərimizi yaratdıq”.

Təcrübəli oyunçunun sözlərinə görə, konfrans liqasının matçı ilə çempionat görüşü arasında fərq var: “Bunlar tamam başqa qarşılaşmalardır. Burada oyuna müəyyən hazırlıq olur. Avrokubok matçından əvvəl baxmırıq ki, çempionatda qalib gəlmişik, yoxsa uduzmuşuq. Meydana öz işimizi görməyə çıxır, əlimizdən gələni edirik. Biz ən yaxşı matçlarımızı məhz səfərdə keçiririk. Belədə daha böyük motivasiyamız olur. Aqressiyaya və digər hər şeyə hazırıq. Artıq bununla bağlı böyük təcrübəmiz var”.

Noyabrın 4-də keçiriləcək “Kayrat” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.

Həmin kateqoriyadan